Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Belə ki, ötən ay qardaş ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Ərdoğan ənənəyə sadiq qalaraq seçkilərdən qısa müddət sonra Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana dövlət səfəri bu qardaşlığın ən parlaq, ən yüksək nümunələrindən biridir. Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bu günümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi apararaq gələcək hədəfləri açıqladılar.
Azərbaycan Prezideni İlham Əliyev görüş zamanı, türk xalqının yenidən Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinin tarixi əhəmiyyətini vurğulayaraq «Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir», - söyləyən dövlətimizin başçısı onu da əlavə etdi ki, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcəklər. Çünki bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktorunda çox önəmlidir.
Görüş zamanı dövlətimmizin başçısı bildirdi ki, sınaqlardan çıxmış Azərbaycan Türkiyə-Azərbaycan dostluq və qardaşlığı bu gün dünyaya bir nümunə, örnəkdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir, tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Bu qardaşlığın, birliyin nümunəsini Azərbaycan tarixinin ən həlledici məqamında – 44 günlük Vətən müharibəsi dövründə tək olmadığını hiss etdi, kürəyini öz qardaşına arxayınlıqla söykəyib Zəfərə doğru inamla addımladı. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana verdiyi siyasi dəstək, əleyhimizə olan qüvvələrə qarşı sərt bəyanatları ilə xalqımızın ona olan sevgisini birəbeş artırdı. Qardaş ölkənin dəstəyi bununla yekunlaşmadı. Müharibənin ardından Zəfər paradında güc nümayişi, Şuşa Bəyannaməsinin imzalanması, azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə ilk olaraq Türkiyə şirkətlərinin qoşulması bizə qarşı olan qüvvələrə bir mesaj oldu. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə iyunnu 13-də mətbuata bəyanatında bildirdi ki, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bu anlaşma Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı, regional sülhə və təhlükəsizliyə töhfə verdi. «Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
Həmçinin, Azərbaycan xalqı da Türkiyənin ən ağrılı günlərində özünü qardaşının köməyinə çatdırdı. Belə ki, istər meşə yanğınları zamanı, istərsə də qardaş ölkədə baş verən zəlzələnin ilk günündən bu günə kimi Azərbaycan dövləti və xalqı, bütün sıravi vətəndaşların yardımlar göndərmələri, əllərində olanı əsirgəməmələri görüntüləri yəqin ki, tarix boyu unudulmayacaq. Əminliklə deyə bilərik ki, dünya ölkələri içərisində Azərbaycanla Türkiyə qədər bir-birinə arxa-dayaq olan, sevincini, kədərini bölüşən ölkələr yoxdur. Bütün bunlar bir tərəfdən də Türk dünyasının güclənməsi deməkdir. Bu faktlar dünyada Azərbaycan və Türkiyə qədər sıx qardaşlıq bağları olan ölkələrin olmadığını göstərir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə və birlikdə yaxınlaşırlar. Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Çünki bu maraqlara deyil, dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlıq birliyidir. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniş tərkibdə görüşdə söylədiyi kimi: «Əminəm ki, növbəti illərdə bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır».
Pəhlivan Qarayev,
Sabirabad rayon Təhsil sektorunun müdiri