May ayının 31-də Azərbaycan paytaxtında keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspia Power” sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev qeyd etdi ki, 1994-cü ildən başlayaraq Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının başlanğıc ili idi. “Əsrin müqaviləsi”nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi. Bu saziş ölkəmizdəki vəziyyəti tamamilə dəyişdi, investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi. 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatmış, “Əsrin müqaviləsi”nin imzalanmasından 3 ay əvvəl atəşkəs sazişi imzalanmışdı.
Azərbaycanın neft-qaz sektorunda imkanlarını ildən-ilə genişləndirir, yeni-yeni layihələrin icrası gündəmə gətirilir. «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 29 ilə yaxın dövrdə əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycana artan inamın fonunda mühüm layihələrin həyata keçirildiyini görərik. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi dünyaya açılan pəncərə kimi dəyərləndirildi. Artıq bu pəncərənin açılması ilə növbəti layihələr üçün stimul yarandı. Dövlət başçısı bildirir ki, bu gün imkanlarımız nəinki ölkə daxilində məsələlərin həlli üçün, eyni zamanda, regionda və geniş mənada bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır. Azərbaycan getdikcə imkanlarını daha da genişləndirəcək.
Dövlət başçısı İlham Əliyev öz çıxışında xüsusi qeyd etdi ki, Bakı Enerji Həftəsi enerji sektorunda keçirilən aparıcı beynəlxalq tədbirlərdən biridir: «Sözlərimi təsdiqləmək üçün tədbir iştirakçılarına təbrik teleqramları göndərən şəxsləri qeyd etmək kifayətdir: ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak.» bu da tədbirin əhəmiyyətini xüsusi vurğulayır.
Ölkəmizdə yaradılan əlverişli investisiya mühitini daim önə çəkən Prezident İlham Əliyev gələcək inkişafı təmin etmək üçün xarici bazarlara daha böyük diqqət göstərməyin vacibliyini bildirir. Neft-qaz amili ölkəmizə böyük canlanma gətirib. Azərbaycanın timsalında uğurlu neft siyasətinin təzahürünü görürük. Ölkəmiz qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Belə ki, «Əsrin müqaviləsi»nın imzalandığı 1994-cü ildə ölkəmizin imkanları o qədər də böyük deyildi. Buna baxmayaraq, investorlar üçün gözəl şərtlər təqdim edilmişdir. Hazırda ölkəmizin uğurlu enerji siyasəti Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün Cənub Qaz Dəhlizinin uğurlarından, eyni zamanda, iştirakçı dövlətlərin coğrafiyasının genişləndirilməsindən bəhs edirik. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi əməkdaşlıq əlaqələrinin genişlənməsində öz sözunü deyir.
Artıq ölkəmizin neft-qaz sahəsində əməkdaşlıq təcrübəsi nümunə göstərilir. Yeni yataqların aşkarlanması neft-qaz ehtiyatlarının həcminin artmasına geniş imkanlar açır ki, bu da yeni layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. Bu gün enerji inkişafımızın yeni bir mərhələsindəyik. Avropa təsisatları ilə münasibətlərimiz çox əhəmiyyətlidir. Yeni qaz yataqlarının kəşfi ölkəmizin qaz potensialına böyük töhfədir.
Azərbaycan Avropaya digər enerji körpüsünü salmağa başlayıb. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Ölkəmizin strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi hədəfləyir. Onların 80 faizi ixrac olunacaq. Ölkəmiz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.
Dövlət başçısı İlham Əliyev ötən sərgidən keçən dövr ərzində enerji sektorunda qazanılan uğurlar sırasında bu ilin aprelində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanmasını qeyd etdi. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etmişdir ki, Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, “Əsrin müqaviləsi”ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaradıb. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru