Vərəm haqqında olan tarixi məlumatların araşdırılması bu xəstəliyin yaşının bəşəriyyətin, canlıların yaşı ilə eyni olması qənaətinə gəlməyə əsas verir. Vərəmin törədicisinin, yəni vərəm çöplərinin 130 ildən çox, ona qarşı istifadə edilən ilk dərman preparatı olan streptomisinin isə 75 ildən artıq müddətdir kəşf olunmasına baxmayaraq bu xəstəlik tarix boyu epidemiya halını alaraq çoxsaylı insan tələfatına səbəb olmuş və hal-hazırda da bu xəstəliyin epidemioloji göstəriciləri yüksək olaraq qalmaqdadır. Tarix boyu vərəm xəstəliyindən ölənlərin sayı hətta böyük müharibələrdə ölənlərin sayından çox olmuşdur. Belə ki, birinci dünya müharibəsi dövründə (1914-1918) hərbçilər arasında ölənlərin sayı 1,7 milyon təşkil etdiyi halda, Rusiyanın özündə vərəmdən 2 milyon adam dünyasını dəyişmişdir. Hazırda da bütün dünyada vərəm xəstəliyi qlobal problem olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin təxminən 1/3-i vərəm çöpləri ilə yoluxub və dünyada hər il 10 milyon insan vərəmlə xəstələnir ki, onların da 3 milyonu, yəni hər 10 saniyədə bir nəfər bu xəstəlikdən ölür. Son illər dünyada xüsusilə, dərmanlara dözümlü vərəmlə yoluxma, xəstələnmə və ölüm göstəriciləri artmaqda davam edir .
Vərəm – vərəm çöpləri tərəfindən törədilən xroniki yoluxucu xəstəlikdir. Vərəm əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur. Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir. Bundan başqa, vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Çünki, vərəm çöpləri yoluxduğu orqanizmdə latent (“yatmış”) formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilər.
Vərəm xəstəliyinə ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlsək də, orqanizmin bütün orqan və sistemlərinin də vərəm mənşəli zədələnməsi mümkündür və praktik olaraq rast gəlinir. Belə ki, sümük-oynaq sisteminin, limfa düyünlərinin, ginekoloji orqanların, qarın boşluğu orqanlarının, dərinin, gözün və s. orqanların vərəm xəstəliyi təcrübədə müşahidə edilən patologiyalardandır.
Vərəmin lokalizasiyasından asılı olmayaraq bu xəsətəlik üçün xas olan əlamətlər – axşamlar zəif subfebril hərarətin (37,2-37,4 C) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyəsinin tərləməsi, arıqlama, ümimi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsidir. Ən çox tənəffüs orqanlarının, ağciyərlərin vərəminə rast gəlindiyi üçün ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər – 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır. Bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstələnməsini sübut etmir. Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür.
Dərmanlara dözümlü vərəm çöpləri ilə yoluxma nəticəsində inkişaf edən birincili dözümlü vərəmin rast gəlmə tezliyinin artması epidemioloji vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Buna görə də vərəm xəstəliyi vaxtında, erkən aşkar edilməli və müalicə qaydalarına əməl edilməklə tam, kompleks müalicə olunmalıdır.
Qeyd etmək lazımdır ki, vərəm xəstəliyi nə qədər tez aşkar edilib düzgün müalicəyə başlanılarsa nəticəsi bir o qədər daha effektli olar. Bir şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir. Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur.
Cəmiyyətdə vərəm xəstəliyinə və vərəmlə xəstələnənlərə münasibətin pis olması, insanlarda bu xəstəlik və onun müalicə edilərək tam sağala bilməsi haqqında yetərli məlumatın olmaması səbəbindən bəzən vərəmin diaqnostikası çox gecikir, ya da xəstələr qeydiyyata düşməkdən və müalicədən yayınır. Lakin bilmək lazımdır ki, vərəmlə hər kəs ömrünün istənilən dövründə xəstələnə bilər. Əbəs yerə deyilməyibdir ki, vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir. Şəkərli diabeti olanlar, hormonal preparatlar qəbul edənlər, qidalanması, yaşayış şəraiti yaxşı olmayanlar və digər şəxslər bu xəstəliyə daha çox tutulurlar. Ona görə də bu qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə belə, ildə 1-2 dəfə bu xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər.
Hər kəs vərəmə tutula bilər. Vərəmlə xəstələnməmək üçün normal qidalanmaq, düzgün gün rejiminə əməl etmək, idmanla məşğul olmaq, immuniteti zəiflədən faktorlardan və zərərli vərdişlərdən uzaq olmaq lazımdır.
Şahnaz SAQİYEVA,
Sabirabad rayon Vərəm Şöbəsinin həkimi