Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
Həmin gün Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
Dövlət başçısı İlham Əliyevin Almaniyaya səfəri və bu səfər çərçivəsində keçirilən görüşlər ölkəmiz, regionumuz və dünya üçün olduqca əhəmiyyətlidir. Strareji, iqtisadi və diplomatik baxımdan önəmli görüşlər keçirildi. İkitərəfli, çoxtərəfli görüşlərin hər birində bölgəmiz üçün əhəmiyyətli məsələlər müzakirə olundu. Xüsusilə Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin görüşü və bu görüşdə Azərbaycanın iradəsinin ortaya qoyulması bizim haqlı mövqeyimizdən bir addım da geri çəkilməyəcimizi bir daha təsdiqlədi.
Azərbaycan prezidentinin ona ünvanlanan suallara verdiyi açıq və qətiyyətli cavablar da bir daha mövqeyimizi ortaya qoyurdu. Prezident İlham Əliyevin çıxışı və açıqlamaları postmüharibə dövrünü yaşayan Azərbaycan və Ermənistan üçün bir yol xəritəsi xüsusiyyəti daşıyır.
Dövlət başçısı Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Almaniya rəsmiləri ilə yanaşı, beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda biznes subyektlərinin rəhbərləri ilə silsilə görüşlər keçirdi. Səfər çərçivəsində siyasi əlaqələrlə yanaşı enerji təhlükəsizliyi, ticarət və iqtisadiyyatın digər sahələri üzrə müzakirələr aparıldı.
Azərbaycan Respublikasının Prezidenti Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşdə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru