• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

AZADLIQ UĞRUNDA QURBAN GEDƏNLƏR ÖLMÜRLƏR

  • 08.02.2023, 14:11, Baxış sayı:
  • 144
Zaman öz karvanını ağır-ağır çəkib gedir. O qanlı yanvardan 33 il keçdi. Əsr qədər uzun, an qədər qısa il. O yanvarla bu yanvar arasında nahaq ölümlər, əvəzsiz itkilər, qərib bir həsrət... O yanvardan bu yanvaracan bu dərdin ağırlığına bütöv bir xalq çiyin verdi...
Azərbaycan xalqının 1918 və 1937-ci illərdə verdiyi qurbanlara 1990-cı il yanvar hadisələrinin qurbanları da əlavə olundu. Baş vermiş faciədən zaman etibarilə uzaqlaşdıqca xalqımız onu daha bütöv,daha tam və dərindən qavramağa, dərk etməyə çalışır. Yanvar faciəsinin xalqımızın tarixində yaratdığı ehtizazın seysmik ölçüləri çox yüksək olmuşdur. Buna görə də o, Azərbaycan xalqını bir sıra mənəvi, siyasi dəyərlərə yenidən baxmağa məcbur etmişdir.
Deyirlər, torpağın üzü soyuq olur. Dərd-qəmi tez unutdurur. Yox, bu dərd nə soyuyandı, nə sönüb-səngiyən, nə də unudulan...Bu dərd bu torpaqla qalacaq Azərbaycanın ürəyində. Əbədi bir ocağa dönəcək, hey yanacaq, yandıracaq. Qara yanvar Azərbaycanın sağalmaz yarası kimi qalacaq.
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
“Yaşasın Azərbaycan!”-deyib özünü tankın altına atan əliyalın yeniyetmələr Azərbaycan yaratdılar və onu əbədi yaşadacaqlar. Qanında Azərbaycan torpağının qeyrəti olan hər kəs o yeniyetmələrin səsini daim eşidəcəkdir. Çünki onlar ölümün gözünə dik baxdılar. Onlar əyilməzlik nümunəsi idilər.
Yanvar qırğını, Xocalı qətliamı bir-birimizin dərdini çəkməyi də öyrətdi. 1990-cı ildən bizə qalan ən böyük miras da elə bu oldu-heç kim unudulmamalıdır; istər şəhid olsun, istər yaralı, hər ikisinin bir adı var-Vətən oğlu!
Hər dəfə şəhid məzarlarını ziyarət edəndə şairin bu misralarını xatırlayıram:
O boylu qadına oxşayan məzar,
Nə səni, nə məni doğmaz ki, doğmaz.
Bəli, məzar heç birimizi yenidən dünyaya gətirməz. Dünya yaranandan üzü bəri bu, tarixin yazılmamış qanunudur. Lakin Vətən torpağı hələ sizin kimi neçə-neçə övladlar doğacaq, ərlər-ərənlər dünyaya gətirəcəkdir.
Şəhid məzarları and yerimizə çevrilmişdir. Şəhid qanı heç vaxt yerdə qalmayacaqdır. Şəhidlik məfhumunda faciə ilə yüksəklik, bədbəxtliklə xoşbəxtlik birləşir. Gənc nəslə vətənpərvərlik, müstəqillik, milli-mənəvi dəyərlərə sadiqlik ideyalarının aşılanması baxımından bu faciənin tarixi rolu çox böyükdür.
Şəhidlər ölməyiblər, sağdırlar. Hər dəfə torpaq qış yuxusundan oyanıb canlananda, yurdumuza bahar gələndə Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda canlarından keçmiş igidlər də ayağa durub sıralarımıza qoşulurlar.
“Mən bir ceviz ağacıyam Gülhanə parkında”. Böyük türk şairi Nazim Hikmətin sağlığında könlündən parkda bir ceviz ağacı olmaq keçib. Mənə belə gəlir ki, Azərbaycanımızda torpaq altında uyuyan günahsız şəhidlər heykəlləşib torpaqdan boylanırlar. Şaxlı-budaqlı nəhəng palıda, çinara, vələsə, dəmirağacına dönürlər və həmişəyaşar bu ağaclar Azərbaycanımızın bütün guşələrindən görünürlər.
20 yanvar bizim milli azadlıq günümüzdür. Xalqımız cəmi şəhidlərimiz kimi onları heç vaxt unutmayacaqdır. Çünki el uğrunda qurban gedən həmişə sağdır.
O qanlı gecədə qatil gülləsinə tuş olanlar ürəklərində Azərbaycan boyda məhəbbət gəzdirirdilər. Bu məhəbbəti hifz edək, yaşadaq, onların yanar ürəklərini məşəl kimi bir-birimizə ötürək, yollarımıza tutaq. ..Yağı gülləsi ilə qətlə yetirilən, torpaq altında uyuyan günahsız şəhidlərin ruhu hamımızı mübarizəyə, yaşamağa çağırır!
Elçin NƏSİB
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter