Dekabrın 10-da Sabirabad rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı, Sabirabad rayon Gənclər və İdman İdarəsinin, Sabirabad şəhər 8 saylı Eynulla Nadirov adına tam orta məktəbin və Təhsil Nazirliyi Azad Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin dəstəyi ilə əməkdar məşqçi Mirəflan Ağayevin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə respublika turniri keçirilmişdir.
Turnirdə Bakı, Sumqayıt, Abşeron, Sabirabad, Masallı, Beyləqan, Kürdəmir, Şirvan, Hacıqabul, Hövsan və Bakı "Məhsul" cəmiyyətinin güləşçiləri iştirak etmişlər.
Tədbirdən öncə şəhidlərin və Mirəflan Ağayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sabirabad rayon UGİŞM-in direktoru Cəfər Teyfi-İbadzadə yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar diləmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şəbəsinin sədri Faiq Hüseynov, Təhsil Nazirliyi Azad Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri Seyidhüseyn Hüseynov, Eynulla Nadirov adına 8 saylı şəhər tam orta məktəbin direktoru Etibar Həsənov, Sabirabad rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Vüqar Kərimov və Mirəflan Ağayevin qardaşı Mirnizami Ağayev bu yarışın təşkilatçılığında əməyi olan bütün şəxslərə öz minnətdarlıqlarını bildirmişlər.
Turnirə Bakı şəhərindən dəvət olunmuş hakim kollegiyası nəzarət edirdi. Qaliblər sonda medallar, diplom və fəxri fərmanlarla təltif olunmuşlar.
“Muğanın səsi”