Azərbaycan tarixinin son 19 ili bir neçə gün sonra 61 yaşı tamam olacaq Prezident İlham Əliyevin rəhbərliyi dövrüdür. Şərəfli tariximizin məhz bu dövründə ən şərəfli tarix yazıldı. Azərbaycan xalqı və dövləti İlham Əliyevin rəhbərliyi altında özünün ən böyük vəzifəsini reallaşdırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Nüfuzlu beynəlxalq təşkilatların hesabat və sorğularında daim Azərbaycan Prezidenti liderlər sırasına düşür.
2008-ci ildə İlham Əliyev “WorldPublicOpinion.org”un sorğusunda Yaxın Şərq üzrə regional lider seçildi. “WorldPublicOpinion.org” dünya liderlərinin reytinqi ilə bağlı tədqiqatına görə, 20 ölkədə 20 minə yaxın respondent arasında keçirilmiş reytinq sorğusu nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq üzrə regional lider seçilib. Belə ki, o, çox nüfuzlu dövlət başçılarını geridə qoydu.
Bundan sonra Azərbaycan Prezidenti bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunub, Ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub. Bütün bunlar təbii ki, İlham Əliyevin həm ölkədə həyata keçirdiyi siyasətə, həm də beynəlxalq fəaliyyətinə görə verilib.
Bunlar, təbii ki, İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurudur. Son illər Azərbaycanda müşahidə olunan siyasi, iqtisadi və digər proseslər ölkəmizdə bütün sahələr üzrə sürətli inkişafın, milli maraqların, bəşəri ideyaların və demokratik prinsiplərin əksər dövlətlər üçün bir nümunə ola biləcəyini deməyə əsas verir.
İqtisadi, siyasi, demokratik islahatlar sahəsində qazanılmış uğurlar, ölkəmizin liderlik zirvəsini qoruması bunu təsdiqləyən başlıca amildir. Ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölcülmür. Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bizim uğurlarımız müvəqqəti xarakter daşıyacaq”- deyən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının bugünkü uğurlarda mühüm rol oynadığını bir daha diqqətə çatdırır.
Prezident İlham Əliyev dünya səviyyəsində Azərbaycanın söz sahibi olduğunu, həmçinin XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu.
İlham Əliyevin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrilib. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandır. Onun dövlət başında olduğu 19 ildə Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafla, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır.
İlham Əliyevin 19 illik siyasətinin kulminasiyası isə 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə və Qarabağın düşmən işğalından azad edilməsidir. Ali Baş Komandan kimi o böyük peşəkarlıq və əzmlə Azərbaycan Ordusunun başında dayandı, xalqımızın ən böyük arzusunu və ulu öndərin vəsiyyətini yerinə yetirdi.
Bu yazını isə, Prezident İlham Əliyevin xalqa verdiyi sözlə bitirmək istərdim- “Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru