İlk növbədə vurğulamaq gərəkdir ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Həmin dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992- ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib.
Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər ciddi tarixi və siyasi əsaslara söykənir 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar. Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.
Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək ordenli