• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

YAP Sabirabad rayon təşkilatının veteranı - Salamulla Abdullayev: Bu gün partiyamız böyük gücə çevrilib

  • 05.10.2022, 22:10, Baxış sayı:
  • 368
YAP Sabirabad rayon təşkilatının  veteranı - Salamulla Abdullayev:  Bu gün partiyamız böyük gücə çevrilib
Bu il noyabrın 21-də hakim Yeni Azərbaycan Partiyasının təsis edil­məsinin-yaranmasının 30 ili tamam olur. Partiyanın 30-cu ildönümü ərəfəsində YAP Sabirabad rayon təşkilatının yara­dıcılarından biri Salamulla Abdullayevlə həmsöhbət olduq. Salamulla müəllim söhbət əsnasında dedi:
-1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Ulu Öndər Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.
Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi.
Salamulla Abdullayev YAP rayon təşkilatının yaranma tarixindən də danışdı:
- Yadımdadır, YAP rayon təşkilatının yaradıcılarından olan mərhum Sabir Musayev mənə zəng etdi. Dedi ki, YAP Sabirabad rayon təşkilatını yaradırıq. Rüstəm Rüstəmov partiya işini yaxşı bilir. O, mənimlə danışdıqdan sonra sənə zəng etdim. Rüstəm Rüstəmov, Sabir Musayev və mən görüşdük. Necə deyərlər, biz rayonda partiyanın ilk özəyini yaratdıq. Rüstəm Rüstəmovla kəndləri gəzib özümüzə tərəfdarlar toplamağa başladıq. Partiyanın təşkilatlanmasında mərhum Adil Hümbətov, mərhum Mirsalah Kərimov, Sahir Əlizadə, Cəmil Məmmədov, Gülağa Nuriyev, Bəylər Heydərov, Yaşar Vəliyev, Nəzirağa Quliyev, Fikrət Əmrahov və başqaları da mühüm rol oynadılar. O vaxtlar xalq cəbhəsi hakimiyyətdə idi. Bizə təzyiqlər olurdu. Açıq-açığına hədələyirdilər. Bizi parçalamaq üçün hər cür vasitədən istifadə edirdilər. Həmin dövrdə Rüstəm Rüstəmov çörək zavodunun müdiri, mənsə tikinti idarəsinin rəisi idim. Bizi işdən kənarlaşdırsalar da öz əqidəmizdən dönmədik. Gündüzlər bizə imkan verilmədiyindən gecələr qardaşım Cavanşir Abdullayevin evində toplaşırdıq. Tezliklə kəndlərdən də özümüzə tərəfdarlar yığdıq. O vaxt rayon Soveti vardı. Qurumun rəhbəri mərhum Mənsimalı Heydərov idi. O, bizə şərait yaratdı, rayon Sovetinin inzibati binasında 1993-cü il yanvar ayının 16-da Sabirabadda YAP rayon təşkilatının təsis konfransını keçirdik və partiya təəssübkeşlərnin iştirakı ilə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı yarandı. YAP Sabirabad rayon təşkilatının ilk sədri ictimai-siyasi xadim, mübariz və əzimkar siyasətçi mərhum Rüstəm Rüstəmov seçildi.
Yeni Azərbaycan Partiyasının veteranı söhbətimizin sonunda fikrini yekunlaşdıraraq dedi:
-Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. Partiya üzvlərinin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 2 il əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fə­aliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zə­fərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Sevinirəm ki, bu gün YAP Sabirabad rayon təşkilatına Rüstəm müəllimin oğlu Varis Rüstəmov rəhbərlik edir. YAP rayon təşkilatı bu gün də öz fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun qurub.
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter