Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
- 19.11.2021, 11:08, Baxış sayı:
- 579
Facebook
Вконтакте
Одноклассники
Google+
İlham ƏLİYEV:
Yeni Azərbaycan
Partiyası nəinki
Azərbaycanın,
Cənubi
Qafqazın ən
böyük siyasi
partiyasıdır.Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il ötür. Bu gün Yeni Azərbaycan Partiyası böyük tarixi yol keçərək xalqın birlik simvoluna çevrilib.Məleykə AĞAYEVA, YAP Sabirabad rayon təşkilatının sədr səlahiyyətlərini icra edənYeni Azərbaycan Partiyası müstəqilliyinə qovuşan ölkəmizin həyatının ən təlatümlü, həyəcanlı zamanında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradılırdı. Təsis edilməsinin 29-cu ildönümünü isə partiyamız ölkəmizin Zəfər tarixinin ən şanlı anlarında qeyd edir. Yəqin ki, Yeni Azərbaycan Partiyasının builki ildönümü də onun ən şərəfli ad günü olacaq.
29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yaradılmasından cəmi 6 ay sonra hakim partiyaya çevrilməsindən tutmuş, Azərbaycanın həyatında baş verən ən nəhəng uğur və nailiyyətlərə qədər mütərəqqi və qürurverici nə varsa, ona rəhbərlik etmiş iki dahi şəxsiyyətin – Heydər Əliyevin və İlham Əliyevin sayəsində mümkün olub.
Partiyamızın yaradıcısı Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində total böhran içində boğulan, parçalanmaqda olan Azərbaycanı qurtuluşa qovuşdurub qüdrətli, müstəqil Azərbaycan dövlətini qurduğu kimi, onun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi torpaqlarımızın 30 illik işğalından xilas etdi. Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir. Müasir Azərbaycanın həyatının ən möhtəşəm anları, ən nəhəng uğurları və tarixi qələbələri onun liderləri olan Heydər Əliyevin və İlham Əliyevin adları ilə bağlıdır. 1990-cı illərin əvvəllərində böhranların ağır məngənəsində boğulan Azərbaycanın çiçəklənən gənc dövlətə, məğlub ölkədən qalib ölkəyə çevrilməsi yaşadığımız və şahidi olduğumuz tarixin heyrətamiz inkişafıdır.
Bu sırada xalqımızın tarixinin və taleyinin ən şərəfli hadisəsi – 30 illik işğaldan sonra doğma Qarabağın azad edilməsi xüsusi yer tutur. Torpaqlarımızın azad edilməsi ölkəmizin həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur. Bu, yeni imkanlar, yeni uğurlar, yeni zirvələr mərhələsi olacaq.
Beləliklə, YAP-ın 29 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın qələbələr partiyası olduğunu əminliklə söyləmək olar. Cənab İlham Əliyev partiyamıza rəhbərlik etdiyi dövrdən isə bu qələbələr daha da geniş miqyas alıb. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Bu gün YAP dünyanın ən nüfuzlu siyasi partiyaları ilə fəal şəkildə əməkdaşlıq edir. Eyni zamanda, partiya güclü yerli strukturlara da malikdir. Bu gün özündə 700 mindən çox insanı birləşdirən partiyamızın cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük qələbələr qazanacağı şübhəsizdir. Partiyamız Prezident İlham Əliyevin irəli sürdüyü "müasir, qüdrətli və zəngin Azərbaycan naminə" çağırışı ilə Azərbaycanın daha da inkişaf edəcəyinə inanır və bu yolda özünün töhfələrini verəcəkdir.