Həmsöhbətim Ukraynanın Dnepropetrovsk vilayətindən gələrək redaksiyamızın qonağı olmuş sərbəst güləş üzrə Ukrayna və Azərbaycan çempionu Mahir Əliyevdir.
Qısa tanıtma:
O, Sabirabad rayonunun Qalağayın kəndində dünyaya göz açıb. 1984-cü ildə H.Z.Tağıyev adına Sabirabad şəhər orta məktəbində oxuyarkən sərbəst güləşlə məşğul olub. Güləşin sirrlərini ona Mirəflan Ağayev öyrədib. Həmin tədris ocağının V sinfində oxuyarkən “Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti Uşaq Gənclər İdman Məktəbinin direktoru Oqtay Meydiyev Mahiri Bakı Olimpiya Ehtiyat Məktəbinə aparıb. 14 yaşında ilk dəfə yeniyetmələr arasında Azərbaycan çempionu olub. Sonralar üç dəfə dalbadal bu şərəfli ada layiq görülüb. Beş dəfə Bakı çempionu olub. Beş dəfə isə ümumittifaq turnirlərində qalib adını qazanıb.
Mahir Əliyevlə söhbət zamanı ondan Ukraynaya getməyinin səbəbini soruşanda bunları söylədi: “Yunanıstanda keçiriləcək dünya çempionatına vəsiqə qazanmışdım. O illərdə ölkəmizdə olan qeyri-sabitliklə, həm də maddi imkansızlıqla əlaqədar həmin çempionatda iştirak edə bilmədim. Təbiidir ki, idman karyeramı davam etdirməliydim...O vaxtlar Ukraynada vəziyyət yaxşı olduğundan oraya getməyi qərara aldım. Onu da deyim ki, keçmiş SSRİ-nin bir çox respublikalarından dəvət almışdım. Mən onlardan Ukraynanı seçdim. Uzun sözün qısası, 1993-cü ildə Ukrayna çempionu oldum. 1994-cü ildə MDB güləşçiləri arasında keçirilən yarışda bütün rəqiblərimin kürəyini yerə vuraraq finala vəsiqə qazandım. Finalda dünya çempionu Oleq Kudziyevə 8:1 hesabı ilə qalib gəldim. Sonradan Ukrayna yığma komandasının tərkibində 8 dəfə beynəlxalq turnirin qalibi oldum. Haqqımda qəzet və jurnallarda məqalələr dərc edildi, kitab çap olundu”.
-Yarışlarda heç erməni güləşçi ilə üz-üzə gəldinizmi?
-1996-cı ildə beynəlxalq turnirin final görüşündə Avropa çempionu, erməni Yuri Mirzəbekyanla qarşılaşdım. Hakimlər onun tərəfində olsalar da, 5:3 hesabı ilə qalib gəldim. 1998-ci ildə bu güləşçi ilə yenidən üz-üzə gəldim. Yarışın ilk dəqiqəsinin 25-ci saniyəsində onun kürəklərini yerə vurdum. Erməni özü sonradan etiraf etdi ki, o bu yarışa ciddi hazırlaşmışdı ki, qalib gəlsin. Lakin bu baş vermədi. Yeri gəlmişkən, həmin yarışın kaseti məndə durur. Tarixi düşmənimiz olan erməni üzərində qələbəmi heç vaxt unutmayacağam. Həmişə düşünürdüm ki, düşmənə də beləcə qalib gəlməyə, Qarabağımızı qaytarmağa qadirik. Qürbətdə Vətən yanğısı daha təsirli olur. Bu və ya digər ölkədə yaşayan yüz minlərlə soydaşımız kimi, Qarabağ mənim də yaralı yerim idi. Qarabağ bizi birliyə səsləyirdi. Bütün dünya azərbaycanllarını bu problemin həllində qətiyyətli addımlar atmağa çağırırdı. Vətənimizin ərazi bütövlüyünün təmin olunması qürbətdə yaşayan azərbaycanlıların da imicinin daha yüksək olması, milli qürurunun artması demək idi. Şəhid qanı ilə suvarılan torpaqlarımız, Qarabağ harayı, milli mənafelərimiz “bütöv olmasaq, Vətən bütöv olmayacaq”,-deyirdi. Ukrayna vətəndaşı olsam da hər an Vətənimin imdadına yetməyə, Qarabağ uğrunda döyüşlərə getməyə hazır idim. Çünki döyüş bizim alnımıza yazılıb... Arzularım çin oldu... İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsi zamanı həlak olmuş igid soydaşlarımızın qanı yerdə qalmadı Azərbaycanın tarixini öz qanları ilə yazan müzəffər Ordumuzun əsgərləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı düşməndən azad etdilər. Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Təəssüflər olsun ki, bu müharibə də qurbansız ötüşmədi. Azərbaycanın qəhrəman oğulları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldılar, igidlərimiz sağlamlığını itirərək qazi adını qazandılar.
-Dnepropetrovskidə nə qədər azərbaycanlı var?
-Bu gün yaxın və uzaq xaricdə yaşayan soydaşlarımızın sayı milyonlarladır. Soydaşlarımızın sayca çox məskunlaşdığı yerlərdən biri də Dnepropetrovsk vilayətidir. Müharibədən əvvəl orada 15 min nəfərdən çox soydaşımız yaşayırdı. Onlardan 7 mindən çoxu şəhərin özündəydi: Bu şəhəri iqtisadi potensialına, əhalisinin sayına, ictimai-siyasi proseslərdəki roluna görə “Balaca Kiyev” adlandırırlar.
-Orada soydaşlarımıza qarşı münasibət necədir?
-Ukrayna xalqı ilə Azərbaycan xalqı arasında həmişə səmimi münasibət olub. Biz də bu dostluğu daha da inkişaf etdirməyə çalışırıq. Soydaşlarımız bu ölkənin uğurlarına sevinir, ağır günlərində isə kömək edirlər. İmkanlı soydaşlarımız indi ukraynalılara maddi dəstək olurlar. İgid həmyerlilərimiz döyüşlərdə mərdliklə vuruşurlar. Qəhrəmanlıqlar göstərək həlak olanlar arasında soydaşlarımız da vardır.
-Qayıdaq idmanla bağlı söhbətimizə... Yeri gəlmişkən, Ukraynada haqqınızda çıxan yazılarda Sizi məğlubedilməz adlandırırlar. Doğrudanmı heç məğlub olmamısınız?
-Tatamini həmişə qələbə ilə tərk etmişəm. Bu xoşbəxtliyi mənə Allah-Təala bəxş edib. Ulu Tanrıdan çox razıyam. Özüm də oruc tutub, namaz qılanam.
-Ukraynaya nə vaxt dönəcəksiniz?
-Azərbaycana həmişəlik qayıtmışam. Vətəndən kənarda yaşasam da doğma məkanı heç vaxt unutmamışam. Pandemiyadan əvvəl ildə iki dəfə Sabirabada baş çəkirdim. Doğmalarımla, yaxınlarımla görüşməyə gəlirdim. Azərbaycanlı qız ilə ailə həyatı qurmağım da məni məmləkətimizlə daha sıx bağlayır. Yadınızdadırsa, bir neçə il əvvəl qəzetinizə verdiyim müsahibədə demişdim: “Yəqin ki, nə vaxtsa ailəmi də götürüb Azərbaycana gələcəyəm”.
-Burada idman sahəsində çalışacaqsınız?
-Fəaliyyətimi məşqçi kimi davam etdirmək niyyətindəyəm. Oğlum Abdullanın 5 yaşı var. İdmanla məşğul olur, mənim yolumla gedir...Hazırda güləşin sirrlərini ona öyrədirəm.
Mahir Əliyev həyat yoldaşı və 4 övladı ilə Ukraynanı tərk edərkən evakuasiya vaxtı yanmış evlərin, vurulmuş tankların, yol qırağında düşüb qalmış ölü insanların yanından keçiblər. O, söhbət zamanı sonda bunları da söylədi: “Ölkənin cənubunda və şərqində döyüşlərin davam etməsi, şəhərlərin atəşə tutulması fonunda Ukraynanın indi heç bir hissəsi təhlükəsiz görünmür. Heç kim bilmir ki, ukraynalılar öz dinc həyatlarına bir də nə vaxt qayıda biləcəklər. Müharibə zamanı dinc sakinlər; uşaqlar, qadınlar, qocalar da həlak olurlar. Çox təəssüf ki, bunların arasında bizim soydaşlarımız da vardır. Ukraynada milyonlarla uşaq bir an içində öz uşaqlığından məhrum olub. Rusiya qoşunları Ukrayna şəhərlərini o qədər çox bombalayır və atəşə tuturlar ki, sağ qalanlar ölənləri tələsik və kütləvi məzarlıqlarda basdırmağa məcbur olurlar...Ukrayna xalqına sülh və əmin-amanlıq arzulayıram! Yaşasın Ukrayna!”
E. XƏLİLOĞLU,
“Muğanın səsi”