Ukraynanın Dnepropetrovsk vilayətində “Savalan” Azərbaycan Cəmiyyətinin fəal üzvlərindən biri, sərbəst güləş üzrə Ukrayna və Azərbaycan çempionu Mahir Əliyev bir il əvvəl Sabirabada, doğmalarına baş çəkməyə gəlmişdi. Onunla görüşüb həmsöhbət oldum.
Söhbət zamanı bildirdi ki, 1984-cü ildə H.Z.Tağıyev adına Sabirabad şəhər orta məktəbində oxuyarkən sərbəst güləşlə məşğul olub.V sinifdən sonra təhsilini Bakı Olimpiya Ehtiyat Məktəbində davam etdirib. 14 yaşında ilk dəfə yeniyetmələr arasında Azərbaycan çempionu olub. Sonralar üç dəfə dalbadal bu şərəfli ada layiq görülüb. Beş dəfə Bakı çempionu olub. Beş dəfə isə ümumittifaq turnirlərində qalib adını qazanıb.
Mahir Əliyev onu da vurğuladı ki, Yunanıstanda keçirilən dünya çempionatına vəsiqə qazanmışdım. O illərdə ölkəmizdə olan qeyri-sabitliklə, həm də maddi imkansızlıqla əlaqədar həmin çempionatda iştirak edə bilmədim. Onu da deyim ki, o vaxtlar keçmiş SSRİ-nin bir çox respublikalarından dəvət almışdım. Mən onlardan Ukraynanı seçdim və ali təhsili də burada aldım.1993-cü ildə Ukrayna çempionu oldum. 1994-cü ildə MDB güləşçiləri arasında keçirilən yarışda bütün rəqiblərimin kürəyini yerə vuraraq finala vəsiqə qazandım. Finalda dünya çempionu Oleq Kudziyevə 8:1 hesabı ilə qalib gəldim. Sonradan Ukrayna yığma komandasının tərkibində 8 dəfə beynəlxalq turnirin qalibi oldum. Haqqımda qəzet və jurnallarda məqalələr dərc edildi, kitab çap olundu.
Mahir Əliyev 1996-cı ildə beynəlxalq turnirin final görüşündə Avropa çempionu, erməni Yuri Mirzəbekyanla üz-üzə gəldiyini, onu necə məğlub etdiyini də dilə gətirdi: “Hakimlər onun tərəfində olsalar da, 5:3 hesabı ilə qalib gəldim. 1998-ci ildə bu güləşçi ilə yenidən qarşılaşdım. Yarışın ilk dəqiqəsinin 25-ci saniyəsində onun kürəyini yerə vurdum. Erməni özü sonradan etiraf etdi ki, o bu yarışa ciddi hazırlaşmışdı ki, qalib gəlsin. Lakin bu baş vermədi. Yeri gəlmişkən, həmin yarışın kaseti məndə durur. Tarixi düşmənimiz olan erməni üzərində qələbəmi heç vaxt unutmayacağam”.
Yeri gəlmişkən, Ukraynada Mahir Əliyev haqqında çıxan yazılarda onu məğlubedilməz adlandırırlar. Heç məğlub olmayıb, tatamini həmişə qələbə ilə tərk edib.
Mahir Əliyev qeyd etdi ki, soydaşlarımızın sayca çox məskunlaşdığı yerlərdən biri də Dnepropetrovsk vilayətidir. Orada 15 min nəfərdən çox soydaşımız yaşayır. Onlardan 7 mindən çoxu şəhərin özündədir: “Bu şəhəri iqtisadi potensialına, əhalisinin sayına, ictimai-siyasi proseslərdəki roluna görə “Balaca Kiyev” adlandırırlar. Fərəhləndirici haldır ki, bu şəhərdə güclü diasporumuz formalaşıb”.
Mahir Əliyev qürbətdə Azərbaycanı yaşatmaq və təmsil etmək missiyasını necə yerinə yetirmələrindən də danışdı: “Biz Azərbaycana çox bağlıyıq. 1997-ci ildə Dnepropetrovsk vilayətində milli-mədəni Azərbaycan cəmiyyəti təşkil edərək ona “Savalan” adını verdik. Hazırda “Savalan” Ukraynada ən böyük cəmiyyətlərdəndir. Bizim əsas məqsədimiz vilayətdə yaşayan yurddaşlarımızı cəmiyyət ətrafında sıx birləşdirmək, dilimizi, dinimizi, tariximizi, milli adət-ənənələrimizi qoruyub saxlamaq, mədəniyyətimizi, incəsənətimizi orada yaşayan millətlərə tanıtmaqdır. “Savalan” adlı Azərbaycan, rus və Ukrayna dillərində çıxan qəzetimiz, Azərbaycan dilli məktəblərimiz var”.
Mahir Əliyev orada soydaşlarımıza qarşı münasibətdən danışarkən qeyd etdi ki, Ukrayna xalqı ilə Azərbaycan xalqı arasında həmişə səmimi münasibət olub. Biz də bu dostluğu daha da inkişaf etdirməyə çalışırıq. Soydaşlarımız bu ölkənin uğurlarına sevinir, ağır günlərində isə kömək edirlər.
Mahir Əliyev söhbətimizin sonunda dedi ki, Azərbaycandan kənarda yaşasam da doğma məkanı unutmuram. Hər dəfə doğma Sabirabada baş çəkirəm. Elə indi də doğmalarımla, yaxınlarımla görüşməyə gəlmişəm. Azərbaycanlı qız ilə ailə həyatı qurmağım da məni məmləkətimizlə daha sıx bağlayır. Yəqin ki, nə vaxtsa ailəmi də götürüb Azərbaycana gələcəyəm: “Qürbətdə Vətən yanğısı daha təsirli olur. Bu və ya digər ölkədə yaşayan yüz minlərlə soydaşımız kimi, Qarabağ mənim də yaralı yerimdir. Qarabağ bizi birliyə səsləyir, bütün dünya azərbaycanlılarını bu problemin həllində qətiyyətli addımlar atmağa çağırır. Vətənimizin ərazi bütövlüyünün təmin olunması qürbətdə yaşayan azərbaycanlıların da imicinin daha yüksək olması, milli qürurunun artması deməkdir. Mənim fikrimcə, şəhid qanı ilə suvarılan torpaqlarımız, Qarabağ harayı, milli mənafelərimiz “bütöv olmasaq, Vətən bütöv olmayacaq”,-deyir. Ukrayna vətəndaşı olsam da hər an Vətənimin imdadına yetməyə, Qarabağ uğrunda döyüşlərə getməyə hazıram. Döyüş bizim alnımıza yazılıb. Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənə qalib gəlməyə, Qarabağımızı qaytarmağa qadirik”.
Mahir Əliyevin bu arzusu çin oldu. Müzəffər Azərbaycan Ordusu erməni faşistlərini torpaqlarımızdan qovdu, düşmən üzərində böyük Qələbə qazandıq.
Elçin NƏSİB