• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Alim düşüncəsinin işığında

  • 11.11.2022, 17:29, Baxış sayı:
  • 210
Alim düşüncəsinin işığında
Yaradıcı insanlar xalqın mədəniyyət tarixini, ictimai və kulturoloji fikir tarixini zənginləşdirir, onların ideyaları xalqın mədəni sərvətinə çevrilir. Ziyalı – xalqın danışan dili, görən gözü, düşünən beyni, vuran qəlbidir. Ziyalı o şəxsdir ki, mənsub olduğu xalqın keçmişini qoruyur, bu gününü yaşadır, sabahını qurur.
Cəmiyyətin gələcək tərəqqisi üçün bugünkü gəncliyə nəyi və necə bildirmək ziyalının ümdə, başlıca vəzifəsidir. Ziyalı olmaq təkcə savadla ölçülmür. Çünki bir, yaxud bir neçə ali məktəb bitirməklə əla savadlanmaq olar, lakin ziyalı olmaq üçün bu azdır. O, böyük qəlbə malik olmalı, ən birincisi Vətənini, xalqını sevməli, insanların rifahı, xoş gələcəyi naminə yeri gələndə nəyisə qurban verməyi bacarmalıdır. Ziyalı – öz davranışı, mədəniyyəti, əxlaqı və biliyi ilə nümunə olmağı bacaran, bir sözlə, şəxsiyyətdir. Əslində, həmin şəxsiyyətin portret cizgilərini müəyyənləşdirmək, sözlə təsvir etmək o qədər də asan deyil.
Belə insanlardan biri – əsl ziyalı adının şərəf və məsuliyyətini yaşadan görkəmli alim, nəcib insan, fəlsəfə elmləri doktoru, professor Mübariz Süleymanlı – müsahibimdir. Onunla həmsöhbət olanda içimdə bir qürur hissi yaranır. Zəngin mənəvi aləminə, bənzərsiz fikir dünyasına, geniş erudisiyasına qibtə edirəm. Çünki bu sahədə tədqiqat aparmasam da, ümumiyyətlə, həmişə kulturoloji problemlərlə maraqlanmışam. Onun söhbətləri, işə professional münasibəti, maraqlı mülahizələri hər kəsdə onunla danışmağa ehtiyac hissi yaradır, bəzən hansısa fikir mübadiləsi zamanı mübahisələr də yaranır.
Mübariz müəllim zəhmət dolu bir ömür yaşayır. Dönüb arxaya baxanda ömür kitabına köçürdüyü mənalı yaşanmış aylar, illər üçün təəssüflənmir.
Mübariz Süleymanlı kimdir?
İllərlə iş yoldaşımız olan Mübariz müəllimin sadəliyindəki böyüklüyünü bir daha yəqin etdim, irili-xırdalı əsərləri, dərslikləri, tədqiqatları, monoqrafiyaları gözlərim önünə gəldi. Fikirləşdim: bəlkə insan öz həmkarının gündəlik zəhməti ilə, onun yaratdıqları ilə hər gün rastlaşdığına görə bu ona adi görünür? Sonra da bu şəxsin elmə verdiyi faydalı xidmətləri qiymətləndirərkən, bir alim ömrünün zirvəyə gedən yolunu nəzərdən keçirmək yerinə düşər, – deyə düşündüm. Bu görüşün arxasında isə zəhmətkeş bir insanın ömür yolu uzanır…
Müdriklər deyirlər ki, həyat arzuları gerçəkləşdirməkdən ibarətdir. Bu arzular nə qədər böyükdürsə, həyat da o qədər mənalıdır. Təhsildə müvəffəqiyyəti, elmi işə böyük marağı, elmi axtarışları hər şeydən üstün tutaraq, o, bu arzu ilə yaşadı və bu istəyini gerçəkləşdirməyi bacardı.

M.Süleymanlı 1962-ci ildə Sabirabad rayonunun Qəzli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Bakı Mədəni-Maarif məktəbini, 1989-cu ildə isə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-maarif” fakültəsini fərqlənmə diplomları ilə başa vurub. Mübariz müəllim elə həmin ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləməyə başlayıb.
Əmək fəaliyyətinə laborant kimi başlayan Mübariz müəllim, sonralar müəllim, baş müəllim, dosent və professor vəzifələrinə qədər ucalıb. Hazırda universitetin “Sosial-mədəni fəaliyyət” kafedrasına rəhbərlik edir.
2000-ci ildə “M.Ə.Rəsulzadə və Azərbaycan mədəniyyəti” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək sənətşünaslıq ixtisası üzrə elmi dərəcə almışdır. 2014-cü ildə isə “XX əsrin əvvəllərində Azərbaycan kulturoloji fikri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Həyat insana bir dəfə verilir. Gərək onu elə yaşayasan ki, keçirdiyin günlər üçün heyfsilənməyəsən. Dönüb arxaya baxanda əməllərinə görə iftixar hissi keçirəsən. Professor Mübariz Süleymanlı bunu bacarır. O, professor olmağın böyük məsuliyyət tələb etdiyini çox gözəl bilir. Mübariz müəllim bütün amalı, əqidəsi, fəaliyyəti ilə gənclərə ən gözəl örnəkdir. Bu istedadlı ziyalının günləri illər arxasında hədər getməyib.
Dönməz və möhkəm iradə sahibi olan, mənalı ömrünü yaradıcılığa həsr edən, kulturoloji fikir tarixi üçün dəyərli fikirlər söyləyən Mübariz müəllimin 5 monoqrafiyası, 5 dərsliyi, 3 metodik vəsaiti və metodik tövsiyəsi, 10 dərs proqramı və 100-dən çox elmi məqaləsi idrakın məhsuludur.
Professor “Sosial-mədəni sa­hənin idarə olunması”, “Muzeyşünaslıq”, “Tətbiqi kulturologiya” və “Turizmin əsasları” dərsliklərinin də həmmüəlliflərindən biridir.
Mübariz müəllimin məqalələri Türkiyə, İran, Rusiya, Ukrayna kimi ölkələrin elmi nəşrlərində, habelə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində dərc olunub. Professor həm də Türkiyədə nəşr edilən “Sosyoloji Yıllığı”, “Sosyologca Dergisi” və “Türk Dünyası İncelemeleri Dergisi” elmi jurnallarının redaksiya heyətinin üzvüdür.
Mübariz müəllimin kulturologiya sahəsində ən aparıcı alimlərlə sıx əməkdaşlıq əlaqələri vardır. Onun alim kimi fəaliyyəti olduqca geniş, çoxşaxəli və nəticəyönümlüdür.
M.Süleymanlı 2001-ci ildən 2009-cu ilə qədər təsisçisi olduğu və AAK-ın qeydiyyatına saldırdığı “Mədəniyyət dünyası” jurnalının baş redaktoru olub. Hazırda AAK-ın qeydiyyatında olan “Simurq” kulturoloji jurnalın baş redaktor müavinidir. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası idarə heyətinin üzvü və Kulturoloqlar Cəmiyyətinin sədr müavinidir.
O, 2003-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2016-cı ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın “Fəlsəfə, psixologiya və sosiologiya elmləri üzrə ekspert şurası”nın üzvüdür. Xarici ölkələrdə iştirak etdiyi tədbirlərdə, görüşlərdə, konfranslarda qarşılaşdığı elmi yeniliklərin, dəyərlərin Azərbaycan elmi mühitinə gətirilməsində xidmətləri danılmazdır.
M.Süleymanlının məhsuldar elmi fəaliyyətinin məhsulu olan “Əhməd Ağaoğlunun ilk elmi əsəri: Şiə dinində məzdəki inancları”, “Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar”, “Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri)” və “Kulturoloji irsin tədqiqi problemləri (XX əsrin əvvəllərinin mənbələri əsasında)” monoqrafiyaları oxucular tərəfindən yüksək qiymətləndirilir.
V əsrdə Hindistanda şahların idarəçilik fəlsəfəsi dərsliyi kimi yazılmış “Kəlilə və Dimnə” əsərində deyilir ki, hər insanın həyatında uğuru, səadəti üçün üç amil lazımdır: istək (həvəs), inam və zəhmət. Mübariz müəllimi də bugünkü elmi uğurlara gətirib çıxaran onun elmə olan sonsuz həvəsi, elm yolunda inamlı addımları və zəhmətə qatlaşmasıdır.
Məlumdur ki, hər tədqiqat əsəri dövrün tələblərinə uyğun olaraq ərsəyə gəlir və yeni keyfiyyətlərlə zənginləşir.
M.Süleymanlının illərlə zəhmətinin nəticəsi olan kitablarından biri – “Mədəni irs” dərsliyində mədəni irs fenomeninə və onun müasir beynəlxalq əlaqələrdəki əhəmiyyətinə geniş diqqət yetirilmiş, bəşəriyyətin mədəni inkişafının əsas forma və məzmununun təhlili verilmiş, ümumdünya mədəni irs siyahısına daxil edilmiş mədəni abidələr nəzərdən keçirilmişdir. Üç bölmə və 424 səhifədən ibarət olan bu dərsliyin elmi redaktoru professor Fuad Məmmədovdur. Doktorant, dissertant və magistrantların da faydalana biləcəyi bu dərslikdə ümumdünya mədəni irsinin nəzəri mahiyyətinə və praktiki qorunmasına dair mövzular yer almış, mədəni irs mədəniyyətin xüsusi fenomeni kimi nəzərdən keçirilmiş, dünyada mədəni irsin mühafizəsi problemlərinə baxılmış və Azərbaycanda mədəni irsin qorunması təcrübəsinin müasir məsələlərinə diqqət edilmişdir. Habelə keçmiş nəsillər tərəfindən yaradılmış, bəşəriyyəti maraqlandıran zəngin mədəni irsin qorunması və istifadəsi ilə bağlı beynəlxalq mədəniyyət təşkilatlarının fəaliyyətlərinə yer verilmişdir. Mədəni irs fenomeninə və onun müasir beynəlxalq əlaqələrdəki əhəmiyyətinə geniş diqqət yetirilmiş və ümumdünya mədəni irs siyahısına daxil edilmiş mədəni abidələr nəzərdən keçirilmişdir.
Fransız ədibi M.Monten yazırdı ki, “Mənim kitabımın məzmunu – mən özüməm”. M.Süleymanlının yazılarını oxuduqca bu qənaətə gəldim ki, yazılarının məzmunu da onun özüdür. Professor bugünkü səviyyəyə öz məqsədyönlülüyü, əzmkarlığı və elmə ürəkdən bağlılığı sayəsində yetişib.
Bir məqalədə geniş yaradıcılıq diapazonuna malik alim haqqında yalnız yığcam məlumat vermək mümkündür. Çünki yaradıcılığının ideya əsasları çox genişdir, elmə münasibəti onun yaradıcılığının əsas aparıcı xəttidir.
Tarixən məlumdur ki, sağlam insan zəkası ənənəvi xeyirxahlıq dühası olmuş, insanlıq salnaməsinin tərəqqi yolunu işıqlandırmışdır.
Müəllim ömrünü günəşə bənzədənlər heç də yanılmırlar, həyatının 30 ilini fasiləsiz olaraq gənc nəslin təlim-tərbiyəsinə həsr edən Mübariz müəllim bu gün də eyni arzu ilə işləyir, öz ziyası ilə gənclərin qəlbini nura qərq edir, vətəndaşlıq duyğularını alovlandırır.
Elmi və pedaqoji fəaliyyətini ahəngdar şəkildə davam etdirməyi bacaran professor Mübariz Süleymanlının kulturoloji yaradıcılığını da yeni-yeni əsərləri ilə zənginləşdirəcəyinə ümid və inam bəsləyirik.
Mübariz müəllimin 60 illik ömrünün zirvəsindən arxaya boylananda illərin açdığı naxışlar daha aydın görünür, gözlərimiz önündə böyük bir ümman canlanır. Mənalı ömrün səhifələrini vərəqlədikcə deyirsən: illər ayrıcında günlər hədər getməyib.
Əminə QƏDİMOVA,
Azərbaycan Dövlə Mədəniyyət və İncəsənət Universitetinin dosenti, pedaqogika üzrə
fəlsəfə doktoru.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter