• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi

  • 12.11.2022, 00:05, Baxış sayı:
  • 217
Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi
Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etdilər. Dövlət başçısı hərbçilər qarşısında çıxış edərək ölkəmizi, xalqımızı qələbəyə qovuşduran 44 günə növbəti dəfə nəzər saldı, bu yolun nə qədər çətin, eyni zamanda, şərəfli olduğunu bir daha vurğuladı: “Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi”.
Məlumdur ki, otuz ilə yaxın bir müddət ərzində cəzasızlıq mühitindən yararlanan Ermənistan təxribatlarından əl çəkmirdi. Azərbaycanda hər kəsə bəlli idi ki, rəsmi İrəvan bu cür çirkin əməllərindən əl çəkən deyil. Çünki bu, Ermənistanın terrorçu rəhbərliyinin ölkədə daxili çaxnaşmaları yatırmaq, diqqəti cəbhəyə yönəltmək üçün istifadə ediyi köhnə "taktika" idi. Paşinyanın sərsəm açıqlamaları, boş-boş iddiaları və Azərbaycanın işğal edilmiş torpaqlarında qeyri-qanuni məskunlaşmanın aparılması münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan xalqımızın səbir kasasını daşırmaya bilməzdi. Bu, azmış kimi işğalçı ölkə Azərbaycanı təxribatlara çəkmək üçün cəbhənin müxtəlif istiqamətlərinə hərbi texnikalar gətirib açıq-aşkar müharibəyə hazırlaşdığını göstərirdi. Hətta yeni müharibəyə hazırlaşdıqları üçün könüllülərdən ibarət qoşunun yaradıldığını da gizlətmirdilər. Azərbaycan Prezidenti isə bütün çıxışlarında, müsahibələrində dünyaya bəyan edirdi ki, Ermənistan müharibəyə hazırlıq görür, bunun qarşısı vaxtında alınmalıdır. Yenə də beynəlxalq təşkilatlar ənənələrinə sadiq qalaraq işğalçıya heç bir xəbərdarlıq etmədilər və bunun da nəticəsi 2020-ci ilin sentyabrın 27-də özünü büruzə verdi. Cəbhənin bütün istiqamətləri boyunca təxribatlara əl atan Ermənistan tarixinin ən səhv gedişini etdi. O səhv ki, işğalçı ölkəyə hələ uzun illər sağalmayacaq sarsıdıcı, ölümcül zərbə vurdu. Azərbaycan Ordusu Müzəffər Komandanın müəllifi olduğu "Dəmir yumruq" əməliyyatının icrasına başladı. Ölkədə Prezident-xalq-ordu birliyi Azərbaycanı şanlı Qələbəyə apardı.
Azərbaycana hədə-qorxu gələn, illərlə düzəltdikləri istehkamlara güvənən Ermənistan cəmi 44 günə diz çökdü. Azərbaycanın igid oğullarının döyüş əzmi qarşısında erməni əsgəri silahını, bayrağını atıb qaçmaq məcburiyyətində qaldı. Bu dövrdə ordumuz cəbhədə hər gün uğur qazanırdısa, Prezident İlham Əliyev diplomatik məharəti ilə Azərbaycana təzyiq etmək istəyən qüvvələrə elə tutarlı cavablar verirdi ki, xalqın ürəyi dağa dönürdü. 44 gün ərzində dünyanın elə bir mötəbər KİV-i qalmadı ki, Azərbaycan Prezidentindən müsahibə götürməsin. Bütün müsahibələrində dövlət başçısı bəyan edirdi ki, Azərbaycan haqq yolundadır və kimlərsə, hansısa telefon zəngləri bizi durdura bilməz. Bu, tariximizə yazılan möhtəşəm bir dövr idi.
Müharibənin başa çatmasından iki il ötməsinə baxmayaraq, Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatdığı kimi, öhdəliklərinin icrasını da reallaşdırmır. Bu da əlbəttə ki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə uyğun deyil. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sülh sazişi yalnız həmin 5 prinsip əsasında imzalana bilər. Ermənistan rəhbərliyi buna razılıq versə də, hər dəfə müxtəlif danışıqlar zamanı hansısa bəhanəni uydurmaqla prosesdən yayınır. Həm Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə indiyədək keçirilən 3 görüşdə, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə reallaşan 5 görüşdə Ermənistanın heç bir iddiası, təklifi nəzərə alınmayıb. Bütün bunlar bir daha göstərir ki, sülh gündəliyini Azərbaycan Prezidenti müəyyənləşdirir. Sülh müqaviləsi yalnız Azərbaycanın milli maraqlarının təmin olunması şərtləri əsasında imzalana bilər.
Dövlət başçısının toxunduğu digər mühüm məsələdən biri də ondan ibarət oldu ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu hələ də davam etdirən Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri ərazimizdən dərhal çıxmalıdırlar. Prezident dedi ki, bizim səbrimiz tükənməz deyil: “İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”.
Prezident İlham Əliyev hərbçilər qarşısında çıxış edərkən sülhməramlıların fəaliyyəti barədə də mühüm mesaj verdi. Dövlət başçısı bildirdi ki, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər: “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr bəyanatında onların müddəti göstərilir və əgər ermənilər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər".
Bu konkret mesaj təkcə Ermənistanın hərbi-siyasi rəhbərliyinə deyil, həm də onun havadarlarına ünvanlanmışdı.

Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter