Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.Xalq-Ali Baş Komandan, xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü ilə Azərbaycan şanlı hərb tarixinə səlnamə həkk etdi. Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən cənab Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.
2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq. Noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürdü ki, qarşıdakı 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxardı. Nəticə etibarilə, dekabradək qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız azad olundu. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin edilir.Dağlıq Qarabağ münaqişəsi bitdi və imzalanan bəyanat mahiyyət etibarilə Ermənistanın tam məğlubiyyətinin göstəricisidir.Azərbaycan Respublikasının 30 ilə yaxın pozulmuş ərazi bütövlüyü Ali Baş Komandanın qətiyyətli mövqeyi ilə Şanlı Ordumuz tərəfindən bərpa edildi.
Bəyanatda digər önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur.Artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Sülhməramlıların yerləşmə müddəti beş il müəyyənləşdirilmişdir.
Cənab Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Beləliklə regionda sülhün və sabitliyin qorunması üçün sağlam zəmin yaranmışdır.Azərbaycan bölgədə sülh və təhlükəsizliyin qarantı kimi çox böyük uğurlara imza atmışdır. Gündən-günə güclənən ölkəmiz bütün sahələrdə Cənubi Qafqazın lider dövlətidir.
Südabə Əliyeva,
Qızıl Aypara Cəmiyyəti Sabirabad
rayon filialının məsul işçisi