Məlum olduğu kimi, oktyabrın 20-də Prezident İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan şəhərinə təşrif buyurdu. Türkiyə Prezidentini gətirən təyyarə Azərbaycanın işğaldan azad edilmiş ərazisində Türkiyə şirkətlərinin töhfələri ilə inşa edilən ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanına eniş etdi. Beləliklə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı oldu. Yeni hava limanının açılış lentini kəsən dövlət başçılarına hava limanının rəmzi açarları təqdim olundu. Sonra prezidentlər “Dost Aqropark” Zəngilan Ağıllı Kənd Təsərrüfatı Rayonu Layihəsinin birinci mərhələsinin açılışını etdilər. Daha sonra onlar Cəbrayıl şəhərinə gedərək Qumlaq vağzalının, həmçinin Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzinin, Ağıllı Fidan və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində oldular.
Xatırladaq ki, ötən il oktyabrın 26-da qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfərə gəlmişdi. O zaman da qardaş ölkənin liderini gətirən təyyarə həmişəki kimi paytaxt Bakıya deyil, birbaşa Füzuliyə – 8 ay əvvəl təməli qoyulmuş və bu qısa zaman ərzində artıq istifadəyə verilmiş hava limanına eniş etmişdi. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi, Prezident İlham Əliyevin onu şəxsən bu hava limanında qarşılaması işğaldan azad edilən torpaqlarda yeni və müzəffər tarixi səhifələrin yazılmasına doğru atılmış mühüm və maraqlı hadisə kimi əbədiləşmişdi.
Zəngilan Beynəlxalq Hava Limanı da həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da, Zəngilan daxil olmaqla, həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan, bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirdi ki, Azərbaycan əmin addımlarla yoluna davam edir: “Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb Orta Dəhlizi marşrutu üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”.
Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini, otuz il verilməyən haqqını geri aldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin qeyd etdi: “Ermənistan ilə müzakirələrdə səmimi addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub. Hər zaman söylədiyim kimi, sülhün uduzanı olmaz. Yeganə məqsədimiz bölgəmizin firavan gələcəyini inşa etməkdir. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir. Açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır”.
Bu əlamətdar günün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi olduğunu deyən Prezident İlham Əliyev Türkiyə kimi qüdrətli ölkə ilə qardaş və dost olmanın böyük xoşbəxtlik olduğunu vurğuladı. Keçən il Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı dedi ki, bununla da Türkiyə və Azərbaycan rəsmən bütün sahələrdə müttəfiq oldu: “Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır”.
Göründüyü kimi, Azərbaycan bütün dünyaya örnək olacaq bir model ilə bu bölgəni inkişaf etdirmək üçün fəaliyyətini davam etdirir. Liderlərin bəyanatlarında da qeyd olunduğu kimi, davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyiş üçün bu gün əlverişli şərait yaranıb. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Verilən əsas mesaj ondan ibarət idi ki, Ankara da, Bakı da bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıdır. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyimiz bir dəhlizin təməlini qoyan Azərbaycan və Türkiyə bu bölgənin əsas söz sahibi olduqlarını bir daha bəyan etmiş olurlar.
Prezident İlham Əliyevin vurğuladığı kimi, postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işləri bundan sonra da davam edəcək. Türkiyə də qardaş ölkə kimi bu prosesdə Azərbaycanın yanındadır. Cənab Rəcəb Tayyib Ərdoğan da bir daha bəyan etdi ki, Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik.
Qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək isə təbii ki, həm də keçmiş məcburi köçkünlərimizin geri qayıtmasi üçün bir müjdədir. Bir sözlə, Azərbaycan 44 günlük savaşda qalib gəlməklə bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan səbəbi aradan qaldırdı. Bu gün Qarabağda, Şərqi Zəngəzurda təməli qoyulan, reallaşdırılan layihələr, tunellər, avtomobil yolları bölgədə görülən işlərin miqyasını göstərir. Həmçinin Zəngilan rayonunda təməli qoyulan bir sıra layihələr də Türkiyə və Azərbaycanın birgə projesidir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də Bakı və Ankara çiyin-çiyinə bir yerdə irəliləyir.
Nadir Quliyev,
Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi