Milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqının sərvətidir. Bu mənada xalqımızın sarsılmaz birliyi məhz milli-mənəvi dəyərlərimizə söykənir desək, yanılmarıq. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar, əksər siyasi partiyalar, qeyri-hökumət təşkilatları dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkə də bəşər tarixində görünməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli, dini azadlıqlara malik ölkə olmağımız bir daha əyani şəkildə öz üstünlüyünü ortaya qoydu. Düşmənə qarşı səngərdə birləşən və Azərbaycanın bütövlüyü uğrunda canını ortaya qoyan oğullarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində Prezidentimizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Biz bilrlikdə güclüyük” və “Qarabağ Azərbaycandır!” şüarlarını özləri üçün həyat fəlsəfəsinə çevirdilər. Belə bir gücün qarşısında isə heç bir düşmən davam gətirə bilməzdi, elə gətirmədi də. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra bir həqiqətin də şahidi olduq. Düşmənlərimiz ötən 30 ilə yaxın müddətdə Azərbaycan xalqının milli dəyərlərinə qarşı da vandal münasibət bəsləyib, milli keçmişimizi özündə əks etdirən tarixi, dini abidələrimizə qarşı soyqırımı həyata keçirib. Bunu faktlar sübut edir. 28 il düşmən işğalında qalan, Prezident İlham Əliyevin diplomatik səyi nəticəsində qan tökülmədən düşməndən azad olunan Ağdam rayonu “Qafqazın Xirosiması” adlandırılmaqdadır. Bir faktı diqqətə çatdırmaq lazımdır ki, 1990-cı illərin əvvəlinə kimi nəinki respublikamızda, hətta ümumittifaq səviyyəsində öz mədəniyyəti, tarixi, sənayenin inkişafı, abadlığı ilə göz oxşayan Ağdam rayonu ermənilər tərəfindən yerləyeksan edilib. Azərbaycanın ilk bölgə Dram Teatrı adını almış Ağdam Dram Teatrının gözoxşayan binası dağıdılıb. XVIII əsrin abidəsi sayılan, Ağdam etimologiyasının yaranma səbəblərindən olan Pənahəli xanın İmarət sarayı, divanxanası, məzarı dağıdılıb, yerləyeksan olunub. Dünya ictimaiyyəti bu faktları gözardı etməməlidir. Ağdam rayonunda yerləşən Şahbulaq abidə kompleksi, tarixi hamam məhəlləsi, Cümə məscidi, Qarağacı qəbiristanlığı erməni faşizminin qurbanına çevrilib. Qarağacı qəbiristanlığında hətta məzarlar açılıb, təhqir olunub. Bu, bir daha ermənilərin hansı psixologiyaya, hansı simaya malik olduğunu ortaya qoymaqdadır.
Təəssüfləndirici haldır ki, Ağdam rayonu ilə yanaşı, digər rayonlarımızda da eyni analoji vəziyyət hökm sürür. Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Zəngilan, Cəbrayıl rayonlarında dağıntılar törətməklə yanaşı, ekoloji tarazlığın pozulması üçün də bütün yollara baş vurublar. Zəngilanın dünyada ikinci, Avropada isə birinci tarixi və nadir çinar meşəsi qırılıb, ağacların kökləri yandırılıb. Bu, bəşəri cinayətdir. Oxçu çayına axıdılan zərərli maddələr nəticəsində su çirkli haldadır. Bütün bunlar ermənilərin Azərbaycanın milli sərvətlərinə qarşı həyata keçirdiyi soyqırımıdır.
Ermənilər ötən 30 il ərzində İslam dininə mənsub tarixi abidələrlə yanaşı, həm də xristian-alban məbədlərini də ya yerləyeksan etməyə, ya da özününküləşdirməyə çalışıblar. Həmin tarixi abidələrdən Azərbaycanın izini silməyə çalışanlar elə dərk ediblər ki, bununla da özlərinə saxta tarix düzəldə bilərlər. Amma bu, mümkün deyil. Çünki həmin ərazilər, orada olan abidələr və o abidələrin xüsusiyyətləri, tikilişləri birmənalı şəkildə Azərbaycan tarixinin bir hissəsidir.
Hazırda Azərbaycanın qəlbi Qarabağla, Vətən müharibəsi zəfəri ilə döyünür. Necə ki, 2020-ci ilin sentyabrında hər bir azərbaycanlı ölkə Prezidenti İlham Əliyevin bir çağırışı ilə müsəlləh əsgərə çevrilərək torpaqlarımızı işğaldan azad etmək üçün əlinə silah aldı, bu gün də hər birimiz bu qələbənin möhkəmlənməsi üçün çalışmalıyıq. Nəzərə almalıyıq ki, artıq işğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən qurulması prosesinə başlanılıb. Yeni mərhələdə bu regionlarımız yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. Bununla bağlı mühüm layihələr həyata keçirilməkdə, mühüm proqramlar qəbul olunmaqdadır. İnanırıq ki, qısa zaman kəsiyində Qarabağ və ətrafındakı rayonlarda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcək.
Vətən əzizdir. Vətən şirindir. Onu qorumaq, gücləndirmək, çiçəkləndirmək hər bir vətəndaşın borcudur. Qarabağ Azərbaycandır!
Məleykə Ağayeva,
Sabirabad rayon Qaratəpə kənd ümumi
orta məktəbinin direktoru