Prezidentin göstərişləri yerinə yetirilməlidir
- 04.08.2022, 17:02, Baxış sayı:
- 313
Facebook
Вконтакте
Одноклассники
Google+
Dadaş RÜSTƏMOV, şəhid atası
Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası, rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs edərək bildirmişdir ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Dövlətimizin başçısının görüşdə dediyi kimi: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.
Dövlətimizin başçısının qeyd olunan görüşdə qarşıya qoyduğu vəzifələrdən biri də şəhid ailələrinə xüsusi diqqət göstərilməsidir. Dövlətimizin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısı göz önündədir. Onların sosial məsələlərinin həlli qarşıda duran ən mühüm vəzifə kimi dayanır. Hər zaman bu çağırış səsləndirilir ki, dövlətlə yanaşı, hər bir vətəndaş, dövlət məmuru şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərməlidir. Onların qanı, canı bahasına 30 illik işğala son qoyulub, torpaqlarımız öz tarixi sahibinə qayıdıb. Bu görüşdə Prezident İlham Əliyev tarixi Zəfərimizdə dövlətimizin qətiyyətli mövqeyindən bəhs edərək bu fikri xüsusi qeyd etdi ki, “azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”.
Ölkəmizin inkişafı üçün bütün imkanlar mövcuddur. Tarixi Zəfərimizdən sonra Azərbaycanın qarşısında geniş imkanlar açılıb. Prezident İlham Əliyev bir daha bu tələbi qaşıya qoydu ki, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu yerinə yetirmirsə, əlbəttə, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.