• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bəzi məmurlar ölkə Prezidentinin növbəti xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar

  • 04.08.2022, 16:55, Baxış sayı:
  • 558
Bəzi məmurlar ölkə Prezidentinin növbəti xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar
Azərbaycan Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən ciddi tapşırıqlar verib.

"Kadr islahatları Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi və niyyətimizi göstərir"

"Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik.
Bir daha demək istəyirəm, sizə böyük etimad göstərilir. Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir", - dövlət başçısı qeyd edib.

"Fəaliyyətinizdə sosial ədalət prinsipinə əməl etməlisiniz"

"Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq", - Prezident əlavə edib.
Dövlət başçısı vurğulayıb ki, ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir:
"Əlbəttə, fəaliyyətinizdə sosial ədalət prinsipinə əməl etməlisiniz. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi".

"Hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq"

"Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın", - dövlət başçısı bildirib.

"Bu, hər bir dövlət məmuru üçün dərs
olmalıdır"


"Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır", - dövlət başçısı deyib.

"Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar"

"Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir".
"Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.
Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır", - dövlət başçısı bildirib.

"Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir"

Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir: "Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar".

"Hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun"

"Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik".
"Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir", - dövlət başçısı bildirib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter