Fotoda: Ənvər LUMANOV, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün hökumətin kabinəsində ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.
Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 750-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Sabirabadda da 246 çarpayılıq möhtəşəm xəstəxana binası tikilib və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Müasir xəstəxana binasının açılışında Prezidentimiz cənab İlham Əliyev iştirak edib, tibb işçilərinə öz dəyərli tövsiyyələrini verib.
Sabirabad Rayon Mərkəzi Xəstəxanası 15 ixtisas üzrə ambulator-poliklinik və stasionar şəraitdə 104 nəfər həkim heyəti, 367 nəfər orta tibb işçisi ilə rayonun 180 mindən çox əhalisinə tibb xidməti göstərir.
Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə Xəstəxanamızın tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər.
Xəstəxanamızda republikanın müxtəlif şəhər və rayonlarından 2841 nəfər virusa yoluxmuş xəstənin müalicəsi aparılmışdır ki, bunların da 1343 nəfəri Sabirabad rayon sakinləri olmuşdur. Virusa yoluxmuş vətəndaşlar dövlət tərəfindən dərman vasitələri ilə tam təmin edilmişlər.
Bu gün hər bir vətəndaşın səhiyyə xidmətlərinə əlçatanlığının daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Cəmiyyətin hər bir üzvü icbari tibbi sığortanın həyata keçirilməsi ilə əlaqədar görülən vacib işlərin şahididir.
Sabirabad Mərkəzi xəstəxanası da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən idarə olunur. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər Xidmətlər Zərfində əks olunub. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin növləri artıq hər kəsə məlumdur. Bu xidmətlərin sayının gələcəkdə artırılması da rəhbərlik tərəfindən nəzərdə tutulub.
Qeyd edim ki, Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, insanların vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir. Xidmətlər Zərfindən bütün sığortaolunanlar istifadə edir.
Bu da dövlətin və hökumətin səhiyyə sahəsində aparmış olduğu islahatların bir parçasıdır. Bütün bunlarla birlikdə isə bu xidməti verən səhiyyə işçilərinin, həkimlərin sosial müdafiəsinin və maddi qazanclarının artırılması istiqamətində dəyişikliklər görülməkdədir. Əvvəlki illərlə müqayisədə dövlət tibb müəssisələrində işləyən tibb işçilərinin və həkimlərin maaşı dəfələrlə artırılıb.
Tibb müəssisəmizdə elektron xidmətlərin genişləndirilməsi, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi və digər tədbirlər göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərir.
Əhalinin sağlamlığı, səhiyyənin inkişafı dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hər zaman hiss edirik. Bunun təsirlərini həm cəmiyyətimiz, həm də səhiyyə işçilərimiz görür, hiss edir və edəcək.