• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan Prezidenti İlham ƏLİYEVİN Suqovuşan səfəri və verdiyi mühüm MESAJLAR

  • 29.03.2022, 19:49, Baxış sayı:
  • 604
Azərbaycan Prezidenti İlham ƏLİYEVİN Suqovuşan səfəri və verdiyi mühüm MESAJLAR
Azərbaycan Prezidenti İlham ƏLİYEVİN Suqovuşan səfəri və verdiyi mühüm MESAJLARPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtərin Suqovuşan qəsəbəsində səfərdə olublar

2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Heydər Əliyev Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyirdi.
“Gün gələcək Novruz bayramını Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə, o biri il Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda... işğal altında olan bütün torpaqlarımızda keçirəcəyik”.
Bu, Ulu Öndər Heydər Əliyevin Novruz bayramı münasibətilə keçirilən mərasimdə dediyi tarixi sözlərdir. Bu, arzu deyildi, Heydər Əliyevin xalqa verdiyi vəd, inandığı gerçək idi. Və ömür böyük liderə vəfa etməsə də, onun miras qoyduğu strategiya, bu strategiyaya əsaslanan Prezident İlham Əliyev tarixi vədi yerinə yetirdi.
Ulu Öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan bu gün onun ən layiqli siyasi davamçı İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü dövrünü yaşayır. İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”, - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti zamanı bildirmişdi.
Zaman və tarix göstərdi ki, o, vədinə və özünün də dediyi kimi, ata vəsiyyətinə sona qədər sadiq qalan, bunu gerçəkləşdirən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasında prinsipial mövqeyə sahib olan Liderdir.
Prezident İlham Əliyev Azərbaycan xalqının hər il Novruz bayramında dilədiyi “Gələn Novruzu Qarabağda keçirək, bayram tonqalını o torpaqlarda qalayaq” arzusunu da gerçəkləşdirdi.
İlham Əliyevin həyata keçirdiyi doğru strategiya, yetişdirdiyi vətənpərvər gənclik, qurduğu güclü ordu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə 30 ilə yaxın davam edən işğala son qoydu. Və bu Zəfər təkcə torpaqlarımızın azad edildiyi yox, həm də Azərbaycanın yenidən dirçəlməsi, bayram sevincini ürəkdən yaşaya bilməsi, milli qürurunu bərpa etməsi tarixi idi.
Artıq iki ildir Novruz tonqalı azad edilmiş Qarabağımızda qalanır və bu tonqal daha sönməyəcək. Çünki bu ocağı yandıran Azərbaycan xalqı və onun Lideridir.
Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Novruz təbriklərini azad edilmiş ərazilərdən çatdırması da bu kontekstdə xüsusilə əhəmiyyətlidir.
Azərbaycan Lideri ötən il Novruz tonqalını Şuşada, Cıdır düzündə qaladı, bu il Suqovuşanda.

Novruz bayramını erməni tapdağından azad olunmuş kənddə qeyd edən ölkə başçısı öz təbriklərini və mesajlarını da bütün dünya ictimaiyyətinə çatdırdı.
Əvvəla onu bildirməliyik ki, İlham Əliyevin milli bayramımızı Suqovuşanda qeyd etməsinin özü belə mühüm mesaj kimi qəbul olunmalıdır. Xatırladaq ki, Prezident ötən il də bayramı işğaldan azad olunmuş digər yaşayış məntəqəsində - Şuşada qeyd etmişdi. İki məntəqə arasında oxşar nüans isə ondan ibarətdir ki, bu ərazilər keçmiş Dağlıq Qarabağ ərazi vahidinin tərkib hissəsi olub.
Azərbaycan Prezidenti milli bayramımızı bu ərazilərdə qeyd etməklə onu göstərdi ki, artıq separatçı ünsürlər bu bölgələrdən gözlərini birdəfəlik çəkməlidirlər. Çünki bu bölgələr Azərbaycanın tarixi torpaqlarıdır və gələcəkdə bu reallığı heç bir güc dəyişdirə bilməz.
Azərbaycan torpaqlarında heç kim “status”, “müstəqillik” kimi absurd xülyalara düşməməlidir, çünki buna heç vaxt imkan verilməyəcək.
Prezident bəyan etdi ki, “Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu”.
Mesajlardan biri də o idi ki, Azərbaycan dövlətinin hazırda əsas prioriteti azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin qısa müddətdə evlərinə qayıtmasıdır.
Prezident İlham Əliyevin Suqovuşanda iştirak etdiyi təməlqoyma mərasimləri də bunu əyani şəkildə göstərir. Suqovuşan qəsəbəsinə çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatı keçirildi. Dövlət başçısı qəsəbədəki fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış oldu. Qəsəbədə tam orta məktəbin binasının əsaslı təmirinə başlanılıb. Bununla yanaşı, Prezident Suqovuşanda ikimərtəbəli yeni məscidin təməlini atdı. Turizm kompleksinin təməlqoyma mərasimi keçirildi, avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı baş tutdu.
Və ən mühüm məqamlardan biri Prezident İlham Əliyevin Suqovuşanda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışını etməsidir. Bu, dövlət başçısının “Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir” fikrinin praktikadakı əksi hesab oluna bilər. Azərbaycan dövləti azad edilmiş ərazilərə həyatın qaytarılması istiqamətində genişmiqyaslı işlərlə yanaşı, bu torpaqlarda sülhün və təhlükəsizliyin təminatı üçün Ordumuzun mövqelərini də gücləndirir.

Sadalananlarla yanaşı, Prezidentin nitqi də mühüm mesajlarla zəngin idi:

- Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları.

- Bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.

- Bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin.

- Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.

- Bugünkü güclü Azərbaycan Böyük Qayıdışla bağlı bütün işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir.


Azərbaycan lideri Suqovuşanda bir daha bəyan etdi ki, “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”.

İ.ƏSGƏROV,
“Muğanın səsi”




Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter