Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etdilər
- 29.03.2022, 19:41, Baxış sayı:
- 709
Facebook
Вконтакте
Одноклассники
Google+
Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam oldu. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin (kvartirmeyster) təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Azərbaycanda milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli fərmanı ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Azərbaycanın təhlükəsizlik orqanları builki peşə bayramlarını da unudulmaz hisslərlə – Qələbə əhval-ruhiyyəsi ilə qeyd etdilər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və Şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.