Rayon Təhsil şöbəsində anım tədbiri keçirilib
- 25.02.2022, 12:55, Baxış sayı:
- 365
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Rayon Təhsil şöbəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirib. Tədbirdə Xocalı soyqırımı qurbanlarının və vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev tədbiri açaraq bildirib ki, Xocalı faciəsi XX əsrdə bəşəriyyətə qarşı törədilmiş cinayətlər içərisində öz amansızlığı və qəddarlığı ilə xüsusi seçilməkdədir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları milli mənsubiyyətinə görə mülki Azərbaycan vətəndaşlarının 613 nəfərini xüsusi amansızlıqla qətlə yetirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Onlardan 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, Milli Məclisin qərarı ilə fevralın 26-sı ümummilli Matəm günü elan edilib”.
Onun sözlərinə görə, Xocalı qətliamının dünya miqyasında tanınması istiqamətində görülən mühüm işlər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə indi də davam etdirilməkdədir: "Xocalı qətliamının dünya miqyasında tanınması istiqamətində sistemli iş aparılması üçün 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlandı. 2017-ci ildə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yüz minlərlə soydaşımızdan ibarət izdiham Xocalı abidəsinə yürüş etdi. Bu görülən təqdirəlayiq işlər, həmçinin diasporlarımızın və diplomatlarımızın da fəaliyyəti nəticəsində artıq bir çox ölkənin parlamentləri tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanındı və bəşəriyyətə qarşı cinayət aktı olaraq dəyərləndirildi. Natıq çıxışının sonunda xüsusi vurğuladı ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdi və beləliklə, xalqımız Xocalı soyqırımının günahsız qurbanlarının qisasını aldı.
Daha sonra Seyidhüseyn Hüseynov, Üzeyir Abbasov, Cavad Cəlilov çıxış edərək soyqırımla bağlı həqiqətlərin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun "Xocalıya ədalət" beynəlxalq kampaniyasının önəmindən danışıblar. Xocalı şəhərinin strateji önəminə toxunan çıxışçılar Birinci Qarabağ müharibəsi, eləcə də Xocalıda baş vermiş soyqırımın qisasının 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğalçılardan azad olunması ilə alındığını söyləyiblər.
“Muğanın səsi”