Fevralın 25-də Sabirabad rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə onlayn tədbir keçirilib.
Onlayn tədbirdə video formatda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, ictimai fəallar qoşulmuşlar.
İlk öncə Xocalıda soyqırıma məruz qalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Onlayn tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq qeyd etmişdir ki, bu il biz Xocalı soyqırımının ildönümünü xüsusi bir tarixi şəraitdə qeyd edirik. Nəhayət 29 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. 2020-ci ilin 8 noyabr tarixi Azərbaycan tarixinə Zəfər tarixi kimi əbədi həkk olundu. Keçən il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Qısa zaman kəsiyində düşmənin darmadağın edilməsi ilə Xocalı qurbanlarının, həmçinin birinci Qarabağ müharibəsində həyatlarını itirən insanların hamısının qisası alınmış oldu. Xocalı soyqırımı insanlıq tarixinə ən dəhşətli hadisələrdən biri kimi daxil olmuşdur. Xocalı faciəsi öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildən başlayaraq hər il ölkəmizdə 26 fevral - “Xocalı soyqırımı günü” qeyd olunur və Xocalı qurbanlarının xatirəsi yad olunur. Bu gün Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır. Müxtəlif ölkələr bu faciəni insanlığa qarşı törədilən cinayət aktı kimi qiymətləndirirlər. Prezident İlham Əliyevin bu məsələdəki qətiyyəti, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.
Onlayn tədbirdə Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə müxtəlif mövzularda məruzələr dinlənilmişdir.
Onlayın tədbiri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı S.Cabbarov bir daha şəhidlərimizə, Xocalı qətliamı qurbanlarına Allahdan rəhmət diləmişdir.