Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi ədliyyə sistemi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirilir. Nazirlik tərəfindən aparılan hüquqi islahatlar, vətəndaşların müraciətlərinə baxılması, notarial orqanlarında aparılan əməliyyatlar, vətəndaşlıq vəziyyəti aktında qeydiyyatdan keçənlərin sayının artması və s. ədliyyə sisteminin uğurlarından xəbər verir. Bütün bunlar isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xalqına olan qayğısının bariz nümunəsidir.
Ölkəmizdə hər il 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Onların bu ilki peşə bayramı əlamətdar bir günə təsadüf edir. Bayram- bayrama qarışıb. Xalqımızın 30 illik Vətən həsrətinə son qoyulub. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diplomatik peşəkarlığı, müdrikliyi, əzmkarlığı sayəsində Azərbaycan tarixinə parlaq səhifələr yazıldı. Noyabrın 10-u Azərbaycan xalqı üçün misli olmayan bir bayram - Qələbə günü oldu.
BMT Təhlükəsizlik Şurasının və AŞPA-nın qətnaməsinə məhəl qoymayan Ermənistan 30 ildir ki, torpaqlarımızı işğal altında saxlayır və hər dəfə də danışıqlardan qəsdən boyun qaçırırdı. Azərbaycan BMT-nin nizamnaməsinə əsaslanaraq suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin toxunulmazlığı prinsipi əsasında danışıqlar aparmağa daima hazır olmuşdur. ATƏT-in Minsk qrupunun həmsədrləri bu 30 il müddətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə nail ola bilməmişlər. Odur ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz cəsarətli addımı ilə dünyaya səbrin son həddini göstərdi və onun əmri ilə Müzəffər Ordumuz ikinci erməni dövlətinin yaranmasına yol verməyərək müqəddəs torpaqlarımızı Vətən müharibəsi yolu ilə geri almaq məcburiyyətində qaldı. Sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Avrasiya məkanında ən uzunmüddətli münaqişə sayılan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi möhtəşəm Qələbə ilə başa çatdı. Bu Qələbə Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin birgə imzaladıqları 10 noyabr 2020-ci il tarixli bəyanat xalqımızın yaddaşına birdəfəlik həkk olundu. Bu, Ermənistan kimi ədalətsiz ölkənin hərbi kapitulyasiyası deməkdir.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatındakı görüşündə ölkə Prezidentinin humanistliyi özünü bir daha nümayiş etdirdi. Həmin videokonfransda cənab Prezident demişdir: “Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzuznmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq”.
Nahaq qan axıdılmasının, insan hüquqlarının pozulmasınin tam əleyhinə olan ölkə başçımız Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinə hörmətlə yanaşır və onların dinc, əminamanlıq şəraitində yaşamaları üçün əlindən gələni edir. O cümlədən də ermənilərin. Hazırda respublikamızda xeyli erməni dinc şəraitdə yaşayır və indiyədək heç bir təhlükə ilə üzləşməyib. Bundan sonra da tolerant ölkə kimi tanınan respublikamızda vətəndaşlar rahat və dostluq münasibətində yaşayacaqlar.
Odur ki, bu möhtəşəm günləri bizə yaşadan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və xilaskar ordumuza sonsuz sevinc hissi ilə təşəkkürümüzü bildiririk. Zəfərlərimizin önündə duran hörmətli Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi: Qarabağ Azərbaycandır!
Mən də hər iki bayram münasibətilə həmkarlarımı və xalqımı təbrik edirəm!
Nəcibə Qasımova,
Sabirabad rayon Qeydiyyat Şöbəsinin rəisi.