20 Yanvar faciəsinin ildönümü hər il ölkəmizdə dövlət səviyyəsində geniş qeyd edilir. Bu il isə faciənin 32-ci ildönümü Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun tarixi torpaqlarımızı erməni işğalından azad edilməsi ilə əldə olunan Zəfərin yaratdığı yüksək əhval-ruhiyyədə qeyd edilir. Qələbə nəticəsində azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçən 20 Yanvar, I Qarabağ müharibəsi şəhidlərinin qanları yerdə qalmadı, ruhları şad oldu.
20 Yanvar faciəsinin 32-ci ildönümünün qeyd edilməsinə Sabirabad Şəhidlər Xiyabanında aparılan abadlıq işləri ilə başlanılıb. Bu gün isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri xüsusi karantin rejiminin qaydaları gözlənilməklə Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Sabirabad şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanını ziyarət ediblər. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhid məzarlarını ziyarət edərək önünə tər qərənfillər düzüblər.
İcra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri Sabirabad rayonundan şəhid Milli Qəhrəmanlar Mübariz Əhmədov, Fərhad Ağayev və Murad Mirzəyevin büstlərini ziyarət edərək xatirələrini yad ediblər, önlərinə tər güllər qoyublar.
Rayonun el qəbiristanlıqlarında uyuyan 20 Yanvar və digər şəhidlərin məzarları da ziyarət edilib, ruhlarına dualar oxunub.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Sabirabad rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!