İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin aprel ayından başlayaraq bir sıra rayonlar kimi, Sabirabadda da dövlət mülkiyyətində olan ərazilərdə irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparıb.
Sabirabadın 17 056 hektar dövlət mülkiyyətində olan ərazilərində də çöl torpaq tədqiqatı işləri yekunlaşıb.
Görülən işlər çərçivəsində dövlət mülkiyyətində olan torpaqlarda yaranmış mövcud vəziyyət, baş vermiş dəyişikliklər müəyyən edilirmiş, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələri öyrənilirmişdir.
Tədqiqat zamanı həmçinin, aşkara çıxan qanunazidd fəaliyyət göstərən süni balıq gölləri, qış otlağı ərazilərinin qanunsuz olaraq əkin məqsədilə istifadə edilməsi və ərazilərdə qrunt suyunun səthə çıxması nəticəsində torpaqların yararsız vəziyyətə düşməsi halları ilə bağlı müvafiq qurumlara məlumatlar göndərilir.
Çöl torpaq tədqiqatı işlərinin məqsədi torpaqların mövcud vəziyyətinin, münbitliyinin, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən olunması, torpaqların səmərəli istifadəsinə nəzarət edilməsidir. Bu işlər digər bölgələrdə də davam etdiriləcək.