Azərbaycanda pandemiya ilə mübarizə tədbirlərinə həsr edilmiş bu analitik hesabatda dövlətimizin pandemiya ilə üzləşdiyi ilk aylarda dünyada az ölkələrə nəsib olan düzgün milli strategiyanın müəyyən edilməsi və icrası istiqamətindəki müsbət addımları beynəlxalq müqayisəli təhlil və ictimai rəy sorğusu əsasında öz təsdiqini tapır. Pandemiya kimi tamamilə yeni çağırışlarla üz-üzə qalan Azərbaycan dövlətinin təcrübəsinin unikal xarakterli olduğunu, indi və gələcəkdə növbəti tədqiqatların mövzusunu təşkil edəcəyini deməyə əsas verir.
Pandemiyanın ölkə sərhədlərinə çatdığı son bir neçə ay ərzində atılan addımların və verilən strateji qərarların dünya ölkələri ilə müqayisəli təhlili deməyə əsas verir ki, Azərbaycan dövləti pandemiyanın və buradan irəli gələn böhranlı vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması istiqamətində nümunəvi antiböhran strategiyası hazırlayıb. Dövlət başçısının “Biz birlikdə güclüyük!” şüarı ətrafında cəmiyyətin bütün təbəqələri və resursları böhranlı vəziyyətə qarşı səfərbər olunub və milli həmrəylik göstərib. Tarixin bütün dönəmlərində olduğu kimi, hazırkı qlobal fəlakətə qarşı mübarizədə də siyasi lider faktoru düzgün strategiyanı müəyyən edə bilən həlledici amil kimi çıxış edib.
2016-cı ildə Amerika Milli Tibb Akademiyasının Qlobal Səhiyyə Risk Sistemi tərəfindən hazırlanan hesabatda mümkün bir pandemiyaya hazırlıq baxımından ölkələrin təqribən illik 3-4 mlrd. dollar həcmində büdcə (bü ölkələrin miqyasına görə dəyişə bilər) ayırmaları və onun əsas xərc istiqamətləri kimi səhiyyə xidmətlərinin idarə edilməsi, laboratoriyalar və müayinə-təqib sistemlərinə yönəlik olması xüsusi vurğulanıb. Bu çərçivədə son bir neçə ildə baş verən çevik, operativ və səmərəli dövlət idarəçiliyinin formalaşdırılmasına hədəflənmiş inqilabi islahatlar kursu çərçivəsində ölkəmizin səhiyyə sistemində köklü struktur və kadr islahatları həyata keçirilib. Dövlət başçısının qeyd etdiyi kimi, bütün bu tədbirlər xalqın sağlamlığının təmin edilməsi ilə yanaşı, “hər hansısa bir fors-major vəziyyətdə dövlətin imkanlarının genişlənməsi kimi strateji məqsədə hesablanıb”.
Dövlət rəhbərliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, ölkə ərazisində koronavirus riskinin yayılması ilə əlaqədar dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanıb, xaricdəki
Vətəndaşların ölkəyə qaytarılması istiqamətində tədbirlər görülüb. Xəstəliyin ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və qabaqlayıcı tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşlarının təmsil olunduğu Operativ Qərargah yaradılıb. Eyni zamanda koronavirus infeksiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə dövlət başçısının təşəbbüsü ilə dünya ölkələri arasında ilk dəfə ölkəmizdə xüsusi fond (Koronavirusla Mübarizəyə Dəstək Fondu) yaradılıb və bu müsbət təcrübəyə digər dünya ölkələr tərəfindən də müraciət olunub.
Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar yaşayış yerinin tərk edilməsi və ölkədaxili hərəkətlə bağlı məhdudiyyətlər tətbiq olunub. Dövlət və qeyri-dövlət sektoru üzrə iş rejimi və fəaliyyət sahələri xüsusi şərtlər daxilində tənzimlənib, karantin qaydalarının pozulmasına qarşı qabaqlayıcı tədbirlər görülüb. İş və təhsil sahələri üzrə fəaliyyətin fasiləsizliyini təmin etmək məqsədilə distant üsullar tətbiq olunub.
Pandemiyaya qarşı qlobal həmrəylik və səfərbərliyin hələlik yalnız arzu olduğu mərhələdə dövlət başçısının təşəbbüsü əsasında videokonfrans formatında beynəlxalq səviyyəli müxtəlif görüş və tədbirlər keçirilib, pandemiya ilə mübarizə çərçivəsində dəstəkləyici
ölkə mövqeyindən çıxış edərək, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrə maliyyə və humanitar yardımlar edilib.
Yekun olaraq, Azərbaycanın pandemiyaya qarşı müəyyən etdiyi antiböhran siyasəti və sosial-iqtisadi paketləri: fövqəladə geniş əhatə dairəsi, əhalinin virusdan zərər görmüş bütün təbəqələrinin və iqtisadiyyatın bütün sahələrinin nəzərə alınması, milli birlik, vətəndaşa qayğı və sosial məsuliyyət prinsiplərini rəhbər tutması, region və dünya ölkələri ilə müqayisədə fərqli-müsbət məqamlarla fərqlənir. Qeyd olunan amillər dövlət başçısının rəhbərliyi ilə xalqımızın pandemiya sınağından ən az itki və səfərbərliklə çıxacağına dəlalət edir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev
Mərkəzinin direktoru