• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

BMT-də Azərbaycanın təşəbbüsü ilə COVID-19-la bağlı qətnamə qəbul edilib

  • 24.03.2021, 11:49, Baxış sayı:
  • 422
 BMT-də Azərbaycanın təşəbbüsü ilə COVID-19-la bağlı qətnamə qəbul edilib
BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan qətnamə bu xüsusda Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.
Qətnamə BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır.
Qətnaməyə ümumilikdə 133 dövlət həm-müəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir. Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı.
Qeyd edək ki, qətnamə ölkə başçısının 1 fevralda AZƏRTAC-a verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazanıb.
Məlumat üçün qeyd edək ki, ölkə başçısının təşəbbüsünə uyğun olaraq, qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda komünike qəbul edilib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində olmağa davam edir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter