Peyvəndləmə cəmiyyətin sağlam inkişafı deməkdir
- 04.08.2021, 15:58, Baxış sayı:
- 379
Facebook
Вконтакте
Одноклассники
Google+
COVID-19 dünyada pandemiyaya çevrilməklə bütün ölkələrin iqtisadiyyatlarına ciddi zərbə vurdu. Koronavirus son onilliklərin ən geniş yayılmış xəstəliyi olmaqla insanların bütün həyat tərzini dəyişdi. Bu dəyişikliklər özü ilə yeni reallıqları da gətirdi. Dünyada tibbi maska və digər tibbi avadanlıqlarla bağlı çatışmazlıqlar yarandı. İlk vaxtlarda hətta dünyanın bəzi ölkələrində vəziyyət nəzarətdən çıxdı. Bir sıra ölkələr isə yaranmış borc səbəbindən beynəlxalq təşkilatlardan yardım istədi.
Təbii ki, Prezident İlham Əliyevin göstərişinə əsasən vaxtında atılmış addımlar nəticəsində ölkəmizdə xəstəliyin geniş yayılmasının qarşısı dərhal alındı. Dövlətimizin başçısının göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiqləndi. Habelə ötən il fevralın 27-də koronovirusun Azərbaycan ərazisində törədə biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Azərbaycanın tibbi təchizat baxımından xaricdən asılılığını aradan qaldırmaq məqsədilə tibbi maska istehsal edən müəssisə istifadəyə verildi, dövlətimizin başçısının göstərişi əsasında qısa müddətdə "Yeni Klinika" tibb mərkəzi, həmçinin modul tipli xəstəxanalar fəaliyyətə başladı. Xəstəliyə qarşı aparılan sistemli mübarizə qısa müddətdə müsbət nəticəsini verməyə başladı.
Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar, peyvənd vurulmasının elektron sistemi yaradıldı. Peyvənd olunanlarının məlumatları artıq rəqəmsal qaydada uçota alınır. Hətta mobil tətbiq vasitəsilədə pasportu əldə etmək mümkündür. “Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “randevu.its.gov.az” saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır.
Vaksinasiya cəmiyyətin sağlam inkişafı, ənənəvi həyata qayıdış və yaxın ətrafdakı insanların səhhətinin təhlükə altında qalmaması üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin bu sahədə gördüyü böyük işlər ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsini təmin etmişdir.
Seymur CƏFƏROV,
Ailə Sağlamlıq Mərkəzinin həkimi