Bilmirəm krediti ödəyim, yoxsa ailəmi dolandırım?!
İkinci Qarabağ müharibəsində iştirak etmişəm. “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişəm.
8 ildir ki, Mexaniki Suvarma İdarəsində ekskavatorçu işləyirəm. Mənə sınıq-salxaq ekskavator veriblər. Müharibədə kəllə-beyin travması almışam. Sağlamlığım imkan vermir ki, köhnə texnikanı işlədim. Müəssisəmizə təzə ekskavator gələndə də mən kənarda qalıram.
260 manat əməkhaqqı alıram. Bunun da 130 manatını idarə etdiyim ekskavatoru təmir etmək üçün bankdan götürdüyüm kreditə çıxırlar. Bilmirəm krediti ödəyim, yoxsa ailəmi dolandırım. Xahiş edirəm, kömək edin.
Şamil ƏLİYEV,
Quruzma kənd sakini
Sayğacımızı bizdən xəbərsiz dəyişiblər
Atam birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Birinci qrup müharibə əlilidir.
Elektrik şəbəkəsi hazırda yaşadığımız mənzilə bizdən xəbərsiz “Smart” kart elektron tipli müasir sayğac quraşdırıb, üstündə də 1200 manat borc. Bu borc haradan yaranıb, bilmirik. Çünki sayğac qoyulmamışdan əvvəl həmin mənzildə yaşayış olmayıb. Biz üç aydır ki, orada yaşayırıq.
Atamın müalicəsinə xərcimiz getdiyindən sayğacın kartına pul köçürə bilmirik. Nəticədə işıqsız qalırıq. Evdə də yaşlı nənəm var.
Nadir ƏLİYEV,
Quruzma kənd sakini