Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyaların dil açdığı əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Bu təməl 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaradılıb. Hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində mənfur düşməni diz çökdürən, kapitulyasiya aktına imza atmağa məcbur edən, bir sözlə, yeni reallıqlar yaradan Azərbaycan əsgərinin şücaətidir, hərbi potensialımızın NATO standartlarına uyğun təkmilləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük maraq doğurmasıdır. İşğalçı Ermənistandan fərqli olaraq daxili, xarici siyasətində müstəqil olan Azərbaycan bölgə dövlətləri arasında NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində sıx əməkdaşlıq edir, iqtisadi qüdrəti ilə seçilən ən önəmli partnyordur və əməkdaşlığının böyük potensialı vardır.
Təcavüzkar dövlət işğal etdiyi torpaqlarımızda istehkamlar qurmaqla, ən müasir silahlarla təchiz edilməklə açıq-aşkar ərazilərimizi geri qaytarmaq fikrində olmadığını büruzə verirdi. Güclü Azərbaycan Ordusu bu istehkamları dağıtdı, erməni ordusu Silahlı Qüvvələrimizin gücü qarşısında tab gətirməyəcək hərbi texnikanı, silah-sursatı qoyub qaçdı, sonda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə qələbəsi göstərdi ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı. 44 günlük müharibə bu reallığı da göstərdi ki, yalnız Azərbaycan gəncliyi deyil, kimliyindən, əqidəsindən, siyasi mənsubiyyətindən, yaşından asılı olmayaraq hər kəs ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdır! Prezident İlham Əliyev öz çıxışlarında bir məqamı bir daha təkrar-təkrar qeyd etmişdir ki, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu Zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək.
Mirzəyeva Gülşən,
Sabirabad rayon Qarağac kənd sakini, Şəhid anası