Sentyabrın 10-da Sabirabad rayon Heydər Əliyev Mərkəzində YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”nın regional turu keçirilib. Tədbirə 10 rayonun gəncləri qatılıb.
Tədbirdən əvvəl Festival iştirakçıları mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov açıq havada keçirilən intellektual festivalın məqsədinin Azərbaycan gəncliyinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək vermək olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın bütün regionlarını əhatə edəcək festivalda ümumilikdə 420 gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılmış 84 komanda festival çərçivəsində 9 regional turda mübarizə aparacaq.
B. İslamov, eyni zamanda, bu səpkili tədbirlərin Azərbaycan gəncliyinin tariximiz, ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz barədə zəngin biliklər əldə etmələri üçün əhəmiyyətindən danışıb.
Sonra Sabirabad, Saatlı, Hacıqabul, İmişli, Beyləqan, Neftçala, Salyan, Xocavənd, Füzuli rayonları və Şirvan şəhər gənclərinin dahi Azərbaycan şairinin bəşəriyyətə bəxş etdiyi “Xəmsə” əsasında intellektual yarışmasına start verilib.
Festivalda İmişli və Hacıqabul rayonlarını təmsil edən komandalar Gəncədə keçiriləcək final yarışmasına vəsiqə qazanmışlar.
***
Tədbirin sonunda YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Heydər Əliyev Mərkəzinin iclas zalında gənclərin qarşısında duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
“Muğanın səsi”