Avqustun 14–də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibə verib. Azərbaycanın Qarabağ bölgəsində və Azərbaycan – Ermənistan sərhədində baş verənlər fonunda müsahibə xüsusi aktuallıq təşkil edib. Təsadüfi deyil ki, “CNN Türk” televiziyasında səsləndirilən fikirlər hazırda geniş şəkildə ölkəmizdə və qonşu ölkələrdə müzakirə edilməkdədir.
Hər zaman olduğu kimi bu dəfəki müsahibə zamanı da, dövlət başçısı bölgədə müharibəyə qədər və postmüharibə dövründəki vəziyyət haqqında səmimi və açıq danışdı, Ermənistanın, qonşu dövlətlərin, Minsk qrupunun fəaliyyətinə toxunaraq keçmişdə baş verənlər və gələcək perspektivlər haqqında fikrini bildirdi, Azərbaycanın bütün məsələlərdən agah olduğunu, hansı dövlətlərin əməldə əsl dost olduqlarını qeyd etdi.
Çıxışının əvvəlində, Prezident münaqişənin həlli ilə bağlı Minsk qrupunun işinin nəticəsinin bu illər ərzində sıfıra bərabər olduğunu qeyd edərək bildirdi ki, “əgər 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Azərbaycan bununla barışa bilməzdi, Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi”.
Prezident bununla 30 il ərzində münaqişənin nizamlanması ilə məşğul olmalı olan Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyətsizliyinin nəticəsi kimi 44 günlük müharibənin başlanmasına eyham vuraraq, onların postmüharibə dövründəki açıqlamalarını sual altında qoyur. Məlum olduğu kimi, hazırda Ermənistan rəsmiləri faktiki olaraq hər bəyanatlarında yeni danışıqların məhz Minsk qrupu çərçivəsində aparılmasının zəruriliyini qeyd edir və münaqişənin hələ də davam etdiyini bildirirlər. Sirr deyil ki, həmsədr dövlətlər bölgədə Qarabağın dağlıq hissəsi ilə bağlı vəziyyətin yenidən dondurulmasını, regionda mühüm məsələlərin həllinin uzun müddət baş tutmamasında maraqlıdırlar.
Burada əslində qeyri – adi heç nə yoxdur. Bundan 103 il əvvəl Anadoluda qura bilmədikləri erməni dövlətini Cənubi Qafqazda qurmağı bacaran bu gün həmsədrlik institutunda yer alan dövlətlər 2020 –ci ildə Azərbaycanın qalib gəlməsini və bölgədə 200 ilə yaxın vaxtda davam edən geosiyasi konfiqurasiyanın dağıdılması ilə barışmaq istəmir, bölgədə ermənilər vasitəsilə öz planlarının həyata keçirilməsi niyyətlərini davam etdirirlər. Bu aspektdə, Fransa və Rusiya arasında Qarabağın dağlıq hissəsi ilə bağlı mütəmadi danışıqlar, ABŞ və Fransa arasında müntəzəm olaraq bölgədə baş verənlərlə bağlı fikir mübadiləsi 3 dövlətin ortaq məxrəcə gəldiklərini, amma publikadan bunu gizlətdiklərini deməyə əsas verir. Bu üç dövlətin Qara – Xəzər dənizi regionu ilə bağlı geosiyasi maraqları bir çox hallarda toqquşsa da, Qarabağın dağlıq hissəsi və erməni məsələsində fikirlər üst – üstə düşür. Bu xüsusi aspekt bizim ekspertlər tərəfindən diqqətə alınası ciddi məqamdır. ABŞ, Fransa və Rusiya bölgədə hegemonluq və milli maraqlar istiqamətində bir – birinə rəqib olsalar da, erməni məsələsində eyni mövqedə qalmaqda davam edirlər. Hər üç dövlətdəki siyasi strateqlər, o cümlədən qonşu İran İslam Respublikasındakı bəzi qrupların fikrincə, Ermənistan dövlətinin tamamilə zəifləməsi və bölgədə sülhün bərqərar olması regionda Azərbaycan və Türkiyə varlığını daha da gücləndirəcək, onların isə, siyasi və iqtisadi imkanlarını minimallaşdıracaq.
Hərçənd, 44 günlük müharibədən sonra rəsmi Bakının bəyan etdiyi regional siyasət fəlsəfəsi Vaşinqtondan tutmuş Londona, Londondan tutmuş Tehrana, Moskva və Pekinə qədər hər kəsin dövlət maraqları üçün yaxşı imkanlar vəd edirdi.
Lakin, görünən odur ki, bu qruplar tarixdəki baxış bucaqlarını müasir proseslərə də sirayət etdirmək istəyir, erməni məsələsi adı altında ədalətsizliyi davam etdirmək fikrindədirlər.
Bu və ya digər dövlətlərin ermənilərə dəstəyi postmüharibə dövründə də özünü göstərməkdədir. Misal kimi minalanmış xəritələrlə bağlı Minsk qrupunun həmsədr dövlətlərinin beynəlxalq hüquqa laqeyd yanaşmalarını qeyd etmək olar. Prezident İlham Əliyev türk müxbirə müsahibəsində ermənilərin 30 il ərzində torpaqlarımızda törətdikləri vəhşiliklərə toxunaraq, hal –hazırda da onların qeyri – hümanist addımlarını davam etdirdiklərini diqqətə çatdırdı. O qeyd edi ki, “müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir”.
Belə çıxır ki, bu yaxınlarda ayrılıqda ABŞ-ın və ayrılıqda Rusiyanın vasitəçiliyi ilə Nikol Paşinyan cəmi 25 %–i dəqiq olan minalanmış ərazilərin xəritələrini Azərbaycana verib. Bu isə, ABŞ və Rusiyanın siyasi imiclərinə böyük zərbədir. Əgər cırtdan Ermənistan Rusiyanın və ABŞ –ın yüksək çinli siyasətçiləri vasitəsilə yalançı xəritələr təqdim edirsə, buna başqacür ad vermək olmaz.
Digər tərəfdən, beynəlxalq hüquqa görə postmüharibə dövründə mülki insanların həyatlarına təhlükənin yaranmaması üçün minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi zəruridir. Humanizmdən, ədalətdən, beynəlxalq hüquqdan danışan ölkələrin Ermənistanın bu və ya digər barbar davranışı fonunda susqunluğu utanverici və ayıb haldır.
Digər istiqamətdə, ermənilərə verilən dəstək Laçın dəhlizində baş verənlərlə bağlıdır. Dəhlizə dair jurnalistin sualına cavab verən Prezident İlham Əliyev Azərbaycanın orada baş verənlərdən məlumatlı olduğunu, ermənilərə aparılan hərbi yardımların yolverilməzliyini qeyd edib. Dövlət başçısı Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsinin yolverilməzliyi və buna son qoyulması üçün ciddi tədbirlər görülməsinin zəruriliyini qeyd edib. “Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik”.
Əlbəttə ki, Laçın dəhlizi vasitəsilə bəzi qonşu dövlətlərin Azərbaycan torpaqlarında olan erməni separatçılarına hərbi məqsədli müxtəlif tipli yüklərin göndərməsi açıq – aşkar beynəlxalq hüququn pozulması, qonşuluq prinsiplərinə ziddir. Xüsusilə, Üçtərəfli Bəyanatda yer alan Rusiyanın özünün qarant olduğu sənədə zidd olaraq fəaliyyət göstərməsi, Bəyanatda yer alan məsələlərin hələ də ermənilər tərəfindən icra edilməməsi Moskvanın bölgədəki maraqlarına xələl gətirə bilər.
Əgər kimlərsə, 30 il ərzində olduğu kimi, postmüharibə dövründə də, köhnə siyasətlərindən əl çəkməyəcəklərsə, bu, onların sərhədləri yaxınlığında yenidən dinamik hərbi mərhələnin başlanması ilə nəticələnə bilər.
Bu xüsusda, Azərbaycan dövlət başçısının səsləndirdiyi fikir kifayət qədər maraq kəsb edir: “Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur.
Xankəndidə Rusiyanın sülhməramlı missiyasının nəzarəti altında olan ərazi indi təhlükəsiz ərazidir. Eyni zamanda, bizim Ermənistanla sərhədimizdə də vəziyyət bəzən narahatlıq doğurur, amma ümumilikdə sabitdir. Ona görə, əlbəttə, biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, - onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir, - buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar”.
Dövlət başçısının müsahibəsi zamanı İran və Rusiya ilə bağlı dedikləri Moskva və Tehran üçün ciddi ismarıc olmalı, onlar son davranışlarına yenidən baxmalıdırlar. Azərbaycan bölgəyə sülhü gətirmək istəyir.
Bu sülh, bölgə və bölgəyə qonşu olan dövlətlərin təhlükəsizliyinə və iqtisadi inkişaflarına töhfə verəcək, sərhədləri ətrafında sabitliyin möhkəmləndirilməsini ehtiva edən təklifdir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi.
Əslində, Ermənistan və bəzi regional dövlətlər nəqliyyat dəhlizlərinin açılması, yeni iqtisadi layihələrdən maksimum şəkildə bəhrələnə bilərlər. Azərbaycan tərəfinin də bütün tərəflərə etdiyi təklif bölgədə tərəqqi və sabitliyə əsaslanır. Postmüharibə dövrünün yeni reallıqları ilə barışmamaq, Azərbaycana qarşı məkrli planları yenidən işə salmaq niyyətləri isə, ilk növbədə Ermənistan dövlətçiliyini zərbə altına qoymuş olacaq. Yaxşı olardı ki, İrəvan ən yeni tarixindən maksimum düzgün nəticə çıxarsın və sərsəm iddialarından əl çəksin, bəzi xarici qüvvələrə ümid etməsin. Əks təqdirdə Azərbaycanın dəmir yumruğu qarşısında kimin olmasından asılı olmayaraq ədalət uğrunda yeni addımlar atacaq.
Bölgədə yeni reallıq Azərbaycan və Türkiyə arasında əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm addımların atılması ilə nəticələndi. “CNN Türk” telekanalına müsahibəsində Prezident Türkiyənin təkcə sözdə deyil, əməldə də Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdi, Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunu xüsusiylə vurğuladı. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlayaraq aşağıdakıları qeyd etdi: “Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq”.
“Muğanın səsi”