Son günlər Ermənistanda yenidən müharibənin başlanacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta hərbi əməliyyatların vaxtı barədə iddialar da irəli sürülür.
Bu cür müharibə və revanşizm ritorikalarının fonunda İrəvan 7500 nəfərlik heyətlə dörd günlük genişmiqyaslı təlimlərə start verdiyini bəyan edib.
44 günlük ikinci Qarabağ müharibəsində ordusu darmadağın edilmiş Ermənistandan gələn müharibə mesajları nədən xəbər verir? Yaxud məğlub ölkənin genişmiqyaslı təlimlərə başlamasında məqsədi nədir?
Əslində müharibə ritorikası və hərbi təlimlərə hazırlıq gözlənilən idi. Ümumiyyətlə, ölkələrin Silahlı Qüvvələri ona görə silahlanır və daim döyüş hazırlığını yüksəldir ki, hər hansı xarici hərbi təxribatın, mümkün müharibənin qarşısını ala bilsin, sərhədlər daxilində torpaqları müdafiə etsinlər. Məlum olduğu kimi, Azərbaycan Ordusu ötən il bütün dünyanın gözü qarşısında yeni bir tarix yazaraq qısa zamanda işğalçılar üzərində qələbəni təmin etdi və ölkənin beynəlxalq qanunlarla təsbit edilmiş ərazi bütövlüyünü bərpa etdi. Hazırda ordumuzun əsas funksiyası dövlət sərhədlərini qorumaqdır. O ki, qaldı Ermənistanla bağlı məsələlərə, bu ölkədə gedən proseslər göz önündədir. Siyasi gərginlik pik həddə çatıb. Təbii ki, siyasi gərginlik zamanı Qarabağ məsələsi və ermənilərin torpaqlarımızdan qovulmaları ilə əlaqəli revanşist ideyalar irəli sürülür. Bütün bunlar siyasi toqquşmalardır, İrəvanda hakimiyyət üçün mübarizə aparan hər iki tərəf belə ideyalarla siyasi platforma yaradıb, cəmiyyətin diqqətini özünə cəlb etmək istəyir. Müharibədən sonra bu qüvvələr arasında Dağlıq Qarabağ məsələsi, darmadağın edilmiş ordunun revanşının alınmasına dair mütəmadi fikirlərin səsləndiriləcəyi gözlənilən idi. İndi daxili siyasətdəki qeyri-sabitliyin hökm sürdüyü dönəmdə revanşizm, yeni müharibə ideyaları normal qəbul edilməlidir. Düşünmürəm ki, burada nə isə yeni, qeyri-adi fikir, çağırış və ya ideyalar yaranıb.
Artıq Azərbaycan yenidən silahlanma və revanşizm meyllərinə tutarlı şəkildə cavab verib. Ali Baş Komandan cənab İlham Əliyev bütün bu qüvvələrə açıq şəkildə mesajını göndərdi ki, Azərbaycan bundan sonra da güclü ordusunu inkişaf etdirəcək, ən müasir silahlar alınacaq. Əgər ölkəmizə qarşı hər hansı bir təxribatlar olarsa, məşhur “dəmir yumru”ğu yenidən işə salacaq. Təbii ki, ölkə başçısı bu fikirləri ilk növbədə Ermənistanın siyasi elitası üçün nəzərdə tutub səsləndirmişdi. Çünki Azərbaycanın başqa bir düşməni yoxdur. Rəsmi Bakı bütün qonşuları ilə strateji əməkdaşlıq səviyyəsində münasibətlər qurub, böyük beynəlxalq layihələri birgə reallaşdırır.
İlham İSKƏNDƏROV,
Xocalı köçkünü