Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib ölkə kimi çıxdı və ordumuz 30 illik həsrətə son qoyaraq ərazi bötüvlüyümüzü bərpa etdi. Torpaqlarımızın əbədi olaraq işğalda saxlaya biləcəyini düşünən Ermənistan belə görünür ki, hələ də bu xülyanın təsirindədir.
Son günlər Ermənistan Azərbaycanla sərhəddə gərginlik yaradaraq atəşkəsi pozur. 10 noyabr Bəyanatından sonra erməni təxribatları belə intensiv hal alıb. Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələrinə cavab atəşi açılır. Müdafiə Nazirliyi hər dəfə məlumat yayaraq bildirir ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
Ermənistan tərəfi məqsədli şəkildə sərhəddə gərginlik yaradaraq Azərbaycanı cavab verməyə təhrik edir. Onlar bundan istifadə edərək ötən il müharibənin ilk günlərində olduğu kimi, yenidən ölkəmizi günahlandırmağa çalışırlar. Ermənistan tərəfindən ardıcıl təxribatların törədilməsinin arxasında regionda sülhün əldə olunmasını istəməyən qüvvələrin də əli var. Amma Ermənistan müharibədən sonra regionda yaranan yeni reallıqla barışmalı, boş iddialarından əl çəkməlidir. Çünki bu təxribatlar onlar üçün yaxşı heç nə vəd etmir.
Ermənistan müharibədən əvvəl etdiyi səhvləri yenidən təkrarlayır. Lakin unutmamalıdır ki, 44 gün davam edən Vətən müharibəsində onları darmadağın edən Azərbaycan Ordusu və “dəmir yumruq” yerindədir. Bunları unutmuş kimi, Ermənistanın yenidən təxribatalara əl atması sual doğurmaya bilməz. İşğalçı dövlətdə bu arxayınlıq haradan qaynaqlanır?
Rəsmi İrəvan anlamalıdır ki, müharibənin yenidən başlaması onlar üçün böyük fəlakət olacaq. Əvvəla ordusu darmadağın olan ölkə yenidən necə müharibə apara bilər? Digər tərəfdən, 10 mindən çox fərarisi olan ordu nəyə ümid edə bilər ki...
Ermənistan əslində bu reallıqları çox yaxşı anlayır və bilir ki, bu təxribatlarla onsuz da hərbi məqsədlərinə çatmayacaq. Son günlər törədilən təxribatlar da hərbi deyil, siyasi məqsəd daşıyır. Paşinyan Azərbaycanı təxribata təhrik edib, yenidən vəziyyəti gərginləşdirməyi planlayır. Hər halda Ermənistan anlamalıdır ki, artıq Azərbaycanın qazandığı Qələbənin yaratdığı yeni vəziyyətə uyğunlaşmağa məcburdur.
Xanoğlan ƏSGƏROV,
şair-publisist