İnvestisiyalar həyata keçirildikdən sonra yerli xammala ehtiyac artacaq. Bundan başqa, yeni iqtisadi zona imkan verəcək ki, iqtisadçı kadrların işlə təmin olunması həyata keçirilsin. Bu aspektdən yanaşsaq, bu, çox mühüm məsələdir. Azad iqtisadi zonalar, həmçinin ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaradacaq. Bu da sözsüz ki, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük müsbət təsir göstərəcək.
Qanunla Ələt Azad İqtisadi Zonasına yüksək müstəqillik verilməsi nəzərdə tutulur. İndiyədək dünyada yaradılan azad iqtisadi zonaların xeyli hissəsi postsovet məkanında, xüsusən də Rusiyada yaradılan zonaların isə əksəriyyəti öz potensialına uyğun səviyyədə səmərəli fəaliyyət göstərə bilmir. “Ələt Azad İqtisadi Zonası haqqında” qanun layihəsi isə daha çox 1985-ci ildə Dubayda yaranmış və dünya praktikasında uğurla fəaliyyət göstərən azad iqtisadi zonalardan biri kimi özünü təsdiq etmiş Cəbələli azad ticarət zonasının fəaliyyət prinsiplərini özündə əks etdirən modelə uyğun hazırlanıb.
Ekspertlərin açıqlamalarına görə,Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ətrafında da Dubaydakına bənzər bir azad iqtisadi zona modelinin reallaşdırılması nəzərdə tutulur. Qanunun əsas məqsədi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkətlər, investorlar üçün cəlbedici etməkdir.Yəni belə zonalarda kənar müdaxilə ehtimallarını məhdudlaşdırmaqla, azad iqtisadi zonanın səlahiyyətli qurumuna geniş səlahiyyətlər verilir və səmərəli fəaliyyət imkanları yaradılır. Təsərrüfat subyektləri xüsusi rejim altında fəaliyyət göstərirlər. Dubaydakı azad iqtisadi zonadakı kimi Ələtdə də birpəncərəli sistemin tətbiqi nəzərdə tutulur. Bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorlar məhz bu zonaya cəlb edilsin. Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Bu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirilib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Azərbaycan bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlayıb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Digər vacib məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə edilib. Potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycanın üstünlüyü göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir.
K. Kərimov,
E.Nadirov adına 8 saylı Sabirabad şəhər
tam orta məktəbinin müəllimi