Təbrik məktubları hər birimizdə fəxarət hissi yaşadır
- 01.06.2021, 07:29, Baxış sayı:
- 336
Facebook
Вконтакте
Одноклассники
Google+
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır”.
Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir.
Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərinin Prezidentimizə göndərilən təbrik məktublarında dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər hər birimizdə fəxarət hissi yaradır. Bəli, bu reallıqdır və dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərini düzgün müəyyənləşdirməsi, dünyanın ayrı-ayrı dövlətləri ilə yaratdığı əlaqələrin, beynəlxalq təşkilatlarla, bu qurumlara üzv olan dövlətlərlə əməkdaşlığın uğurlu nəticələri ölkəmizi dünya birliyi müstəvisində söz və nüfuz sahibi edib. Daxili və xarici siyasətin bütün məqamlarının zərgər dəqiqliyi ilə həyata keçirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətin demokratik dəyərlərlə idarə olunmasına, xalqın sosial həyat səviyyəsinin yüksəlməsinə, bir sözlə, hüquqi, demokratik dövlət quruculuğuna xidmət edir.
Şərq xalqları arasında Azərbaycan xalqı ən demokratik, hüquqsevər, humanist bir xalqdır. Respublika Gününün keçirilməsi Azərbaycan vətəndaşlarının tarixi unutmadığını və öz ənənələrini daimi olaraq yaşatdığını təsdiq edir. Biz Ulu Öndərimiz Heydər Əliyevin bizə qoyub getdiyi mirası qoruyub saxlamalı və bu yolda daim birgə addımlamalıyıq. Məhz bu müstəqilliyimiz bu gün də qorunub saxlanılır, bu da Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir. Belə bir günün bu gün də qeyd olunması Azərbaycan tarixinə verilən dəyərdir. Bu onu göstərir ki, Azərbaycanın qədim dövlətçilik və idarəçilik tarixi vardır.
Nəzakət SADIQOVA,
həkim