Heç bir zəfər təkcə hərbi güclə qazanılmır; qazanılsa da saxlanıla bilinməz. Ordu meydandan çəkiləndən sonra dövlət özünün intellektual, mədəni, mənəvi gücünü sərgiləməlidir. Şuşa azad edilən gün dövlət başçımız xalqa müraciətində “Əziz Şuşa! Biz səni dirçəldəcəyik!”,- demişdi. Mayın 12-13-də biz həmin sözlərin necə maddiləşməsini gördük. Şuşa həm maddi, həm də mənəvi baxımlardan sürətlə dirçəlməkdədir və artıq onun simasında Qafqazın yeni incisinin cizgiləri sezilməyə başlayıb. Prezidentin səfər zamanı qatıldığı hər bir açılış və təməlqoyma Şuşanın gələcəyindən xəbər verən rəmzi xarakter daşıyırdı. Məsələn, elektrik yarımstansiyasının açılışı simvolik olaraq “Şuşa artıq işıqlanıb” demək idi. Vaxtilə suyu qurumuş (daha doğrusu, qurudulmuş) Xan Qızı bulağının yenidən çağlaması isə Şuşaya həyatın qayıtmasını simvolizə edirdi.
“Xarıbülbül” təkcə incəsənət festivalı deyil, onun daşıdığı böyük bir siyasi-ictimai anlam var. Gələcəkdə şübhəsiz, bu festival beynəlxalq xarakterli olacaq və dünyanın hər yerindən Şuşaya sənətçilər gələcəklər. Amma ilk festival Azərbaycanda yaşayan xalqları bir araya gətirməklə birlik, qardaşlıq mesajı verirdi.
Şuşanın azad edilməsi Azərbaycanın hərbi gücünün nümayişi olduğu kimi, “Xarıbülbül” festivalı ölkənin intellektual gücünü, mədəni qüdrətini ortaya qoyurdu. Bu, Şuşaya iddia edənlərin mədəniyyət meydanında darmadağın olunması idi.
Əgər festivalın birinci günü Azərbaycandakı birliyin nümayişi idisə, ikinci gün keçirilən qala-konsert bu xalqın nələrə qadir olduğunu, potensialının dərinliyini, necə insanlar yetişdirdiyini və yetişdirəcəyini göstərirdi. Bir səhnədə akademik milli musiqidən tutmuş, muğama qədər möhtəşəm nümunələrinin səslənməsi, sözün həqiqi mənasında fantastik ifalar xalqın mənəvi qüdrətini, istedadının hüdudsuzluğunu, potensialını dünyanın gözü önünə sərirdi. Göstərirdi ki, biz Şuşaya həm də mədəniyyətimizlə dönmüşük.
Heydər Əliyevin vaxtilə söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik!..” sözləri səslənəndə isə insan göz yaşları içində dərk edirdi ki, O, sözün həqiqi mənasında Azərbaycanın gələcəyini görən Milli Lideri, Ulu Öndəri olub.
Nəcəf HÜSEYNOV,
Salmanlı kəndi, sahibkar