• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ramazan öncəsi. ORUC İBADƏTİNİN TARİXÇƏSİ

  • 06.04.2021, 10:28, Baxış sayı:
  • 466
Ramazan öncəsi. ORUC İBADƏTİNİN TARİXÇƏSİ
Qurani-kərimin bildirdiyinə görə oruc ibadəti əvvəlki ümmətlərə də vacib edilmişdir. Mövcud mənbələr bu ibadətin tarixçəsinin qədim zamanlara gedib çıxdığını göstərir. Həzrət Məhəmməd peygəmbər (s) bir hədisində bildirir:”Nuh (ə) Ramazan bayramının ilk günü ilə Qurban bayramı müstəsna bütün il boyu oruc tutmuşdur”(İbn Macə).
Bu hədisdə orucun bəşəriyyətin ikinci atası sayılan Nuh peyğəmbərdən (ə) üzü bəri uzun yol qət etdiyi aydınlaşır. Dini ədəbiyyatda Davud peyğəmbərin (ə) günaşırı, Musa peyğəmbərin (ə) qırx gün, İsa peyğəmbərin (ə) də, həmçinin, Musanın (ə) şəriətinə uyğun olaraq qırx gün oruc tutduğu rəvayət edilir. Oruc ibadəti İslamdan əvvəl digər səməvi dinlər: yəhudilik və xristianlıqda da mövcud olmuş və özünəməxsusluğu ilə diqqəti çəkmişdir.
YƏHUDİLİKDƏ ORUC
Tövratda bu din mənsublarının oruc tutmasının vacibliyi göstərilmişdir. Bu dində oruc bəzən nəfsi qırmaq, bəzən cəfa çəkmək üsuli sayılmış, bəzən də Tanrıya yaxınlaşma vasitəsi kimi qəbul edilmişdir. Yəhudi xalqı tarix boyu başlarına fəlakət gəldikdə oruc tutmuşlar. Bundan başqa, kahinlər ilhama hazırlıq vaxtı oruc tutar, onun mənəvi təsirlərindən istifadə edərdilər. Yəhudi dinində müxtəlif hadisə, yaxud əlamətdar günlərlə bağlı oruc tutmaq ənənəsi də formalaşmışdır; onları aşağıdakı kimi təsnif etmək olar:
- Məğfirət (Bağışlanma) günü kimi qəbul olunan “Yom Kippur) orucu. Bu əlamətdar gündə oruc tutmaq vacib hesab edilir.
- Yeni ilin ilk on günündə tutulan oruc. “Tövbə günləri”sayılan bu on gündə oruc tutmaq lazımdır.
- Qüds mühasirəsinin ildönümü ilə bağlı onuncu ayda və Qüds qalasının məğlub edilməsi münasibəti ilə dördüncü ayda tutulan oruc.
- Beşinci ayın orucu isə birinci və ikinci Qüds məbədinin dağıdılmasının xatirəsinə tutulur. Ənənəyə bağlı dindarlar üç həftə əvvəl oruc tutmağa başlayırlar.
- Yeddinci ayın orucu Babil kralı Zarada tərəfindən öldürülən Qüds valisi Gedelyanın xatirəsinə həsr edilir.
- Ester orucu yəhudi xalqı üçün böyük xidmətlər göstərmiş qəhrəmanın adl ilə bağlıdır. Ester yəhudiləri yox olmaqdan qurtardıqdan sonra şükür əlaməti kimi oruc tutmuşdur. Bu oruc yəhudilikdə ənənə halını almışdır.
- Evlilik orucu yəhudi kişilərinin nigah günü tutduqları oruca deyilir.
Bütün bunlarla yanaşı, yəhudilərin məskunlaşdığı ölkələrdə tutduqları xüsusi oruclar da vardır. Belə oruclara, əsasən həmin ölkələrdə çəkilən əzab-əziyyətlər rəmzi olaraq xatırlanır. Şəxsi xarakterli baş vermiş hadisələri yad etmək, günahlarln bağışlanmasl və ya hər hansı bir müsibət üz verdikdə Tanrının rəhmətini qazanmaq məqsədi ilə də oruc tutulur. Lakin hahamlar bu orucu tövsiyyə etmirlər.
Yəhudilərin böyük peygəmbəri Davudun (ə) orucu İslam ənənəsində də öz əksini tapmışdır. O, övladı xəstələndiyi vaxt Tanrıya yalvarmış və oruc tutmuşdur. Bu ibadət bir gün yeyib, bir gün oruc tutmaq şəklində icra edilir. Islam mənbələrində qeyd olunur ki, bəzi səhabələr Həzrət Peygəmbərdən (ə) bütün il boyu oruc tutmaq istədikdə, o buna yol verməmiş, israr edənlərə isə Davud peyğəmbərin (ə) orucu kimi günaşırı oruc tutmağı məsləhət görmüşdür.
Yəhudilikdə “susma orucu” adlanan oruc növü də mövcuddur. Bu oruca niyyət edən şəxs, səhərdən axşamadək danışmır, susmaqla nəfsini tərbiyə etməyə çalışır.
XRİSTİANLIQDA ORUC
Xristianlıqda da oruc dinin əsaslarındandır və kilsənin üçüncü əmri hesab olunur. Bu dində oruc pəhrizlə eyni məna daşıyır. Yəhudilikdə olduğu kimi, xristianlıqda da orucun məqsədi bədəni məhrumiyyətlərə məruz qoyaraq, nəfsli arzulara qalib gəlmək, yəni nəfsi tərbiyələndirməkdir. Xristianlığa görə oruc insanı bəzi günahların cəzasını bu dünyada çəkməyə alışdırır.
Katoliklərdə orucun, əsasən iki növü var. Biri Şükran, o biri isə kilsəyə mənsub Ekleziyastik orucudur. Həzrət İsanın (ə) çarmıxa çəkildiyinə inanılan “İztirablar cüməsi”-nin orucu da katoliklər arasında geniş yayılmışdır. Katoliklikdə, həmçinin, qırxgünlük böyük pəhriz orucu da var. Bu oruc “Kül çərşənbəsi” deyilən vaxtdan pasxa gününədək davam edir. Həzrət İsanın (ə) qırx gün oruc tutması haqqında məlumatlar Matta incilində də öz əksini tapmışdır.
Xristian inancına görə, Həzrət İsa (ə) çərşənbə günü ələ keçirilmiş, şənbə günü isə vəfat etmişdir. Xristianlar bu günlərdə tövbələrin qəbul edildiyinə inanır, ona görə də oruc tutmağı lazım hesab edirlər. Pasxadan əvvəl iki gün oruc tutmaq da məsləhət görülür.
Pravoslavlıqda da orucluğun qədim ənənəsi var. Onlarda orucun ehkamları daha sərt, vaxtı isə uzun müddətlidir.
Protestantlıqda isə bəzi qruplar istisna olmaqla, oruc qəbul edilmir. Sadəcə Anqlikan Kilsəsi oruc günləri təyin etmiş, lakin tətbiq edilən ehkamları oruc tutanın vicdanına və məsuliyyətinə buraxmışdır.
Ümumiyyətlə, xristian ölkələrində orucluqla bağlı müxtəlif ehkamlar və rəngarəng ənənələr mövcuddur. Bəziləri yumurta və meyvə yeməkdən imtina edir, bəziləri yalnız quru çörək yeyir, bəziləri isə heyvan mənşəli ərzaqlardan uzaq durub, bitki mənşəli ərzaqlardan istifadə edərək oruc tuturlar.
CAHİLİYYƏ
DÖVRÜNDƏ ORUC
Islamdan əvvəlki cahilliyyə dövründə ərəblərin bəzi aylarda oruc tutduqları məlumdur. Məsələn, Rəcəb ayı bunlardan biridir. Cahillyyə dövründə ərəblər etdikləri günahlara kəffarə kimi və ya qıtlıq təhlükəsi ilə üzləşdikdə şükran borcunu ödəmək məqsədi ilə oruc tuturdular. Bu dövrdə, həmçinin “susma orucu” da ərəblər arasında geniş yayılmışdı.
Orucun tarixini araşdırdıqda aydın olur ki, bu ibadətin müxtəlif forma və təzahürləri təkcə səmavi dinlərdə yox, uzaq Şərq dinlərində də mövcuddur. Məsələn, Hinduizm və Caynizmdə də oruc ibadətinə bənzəyən ayinlər özünəməxsusluğu ilə diqqəti çəkir.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter