"Qızdırma necə dərəcəyə çatanda onu salmaq lazımdır" sualını versəm hərə bir rəqəm deyəcək. Amma bütün rəqəm cavabları hamısı yanlışdır. Çünki qızdırma insanın qoruyucu mexanizmidir, dostudur. Siz qızdırmanı salmaqla virusa kömək etmiş olursunuz, xəstəyə yox.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
O, bildirib ki, qızdırma salan dərmanlar xüsusi hallarda istifadə olunmalıdır:
“Bu tipli dərmanlar (parasetamol, ibuprofen, ketoprofen ve s) aşağıda sayacağım məqsədlər üçün istifadə edilməlidir:
* Yüksəlmiş temperatur xəstəni narahat edir: Hallusinasiyalar, baş ağrısı, qıcolmalar verir və s.
* Yüksəlmiş temperatur həkimi narahat edir. Məsələn, xəstədə ürəyin işemik xəstəliyi var, taxikardiya qəti yol verilməzdir. Bildiyiniz kimi qızdırma artdıqca ürək döyüntülərinin sayı artır. Belə halda həkim qızdırmanı salmağa məcbur olur.
* Bəzən xəstədə maddələr mübadiləsinin sürətini aşağı salmaq lazım olur. Oksigenə tələbatı azaltmaq üçün. İnsultlarda, ürək cərrahiyyəsində, klinik ölümdən dərhal sonra və s. Reanimasiyada yatan ağır COVID-19 xəstələrində də hipoksiyanın orqanlara zərərli təsirini azaltmaq üçün yüksək hərarət endirilməlidir. Həmçinin belə ağır xəstələrdə temperatur ona görə endirilir ki, karbon qazının istehsalı azalsın. Bildiyiniz kimi ağır covid xəstələrinin müalicəsində süni tənəffüs aparatlarının parametrləri elə qurulur ki, əsas oksigenizasiya problemi həll edilsin. Bu parametrlərlə karbon qazının bədəndən uzaqlaşdırılması çətinləşir, həm də buna göz yumulur. Belə halda, maddələr mübadiləsinin sürətinin çox olması ilə karbon qazının istehsalının artması sərf eləmir.
Yuxarıdakı hallar istisna olmaqla yüngül və orta ağırlıqdakı covid xəstələrinin qızdırmasını salmağa ehtiyac yoxdur”. /Muganinsesi.az”