YAP-ın növbəti üç ay ərzində proqramının hazırlanması və bu məsələlərin proqramda öz əksini tapması partiyanın Sədri tərəfindən qarşıya bir tapşırıq kimi qoyuldu. Bu tapşırıq partiyanın İdarə Heyəti qarşısında qoyuldu. Biz əminik ki, partiyanın yeni seçilən İdarə Heyəti partiya resurslarının daha da artmasına, qarşıya qoyulan hədəflərə nail olmaq üçün partiyada dinamizmin, funksionnalığın daha da yüksəlməsinə çalışacaq.
Yeni Azərbaycan Partiyasının rəhbərliyi dünyada baş verən ən son yeniliklər haqqında düşünür, onları təhlil edir və buradan gələn çağırışlara cavab vermək üçün partiyanın yenilənməsi və onun qarşısında duran məqsədlərə çatmaq naminə yeni resursların tapılması istiqamətində fəaliyyətlə məşğuldur. Bu kifayət qədər təqdirəlayiq haldır. Dövlət başçısının dediyi kimi, biz böyük tarixi uğurlar əldə etmişik və eyni zamanda bundan sonra hansı uğurlar əldə edəcəyimizlə bağlı düşünməliyik. Təbii ki, burada bizim ən böyük rəqibimiz zamandır. Çünki zaman sürətlə axır, dövr sürətlə dəyişir. Belə bir zamanda ölkəmiz qarşısında da çox mühüm çağırışlar vardır. Tarix göstərir ki, indiki dövrdə zamanla ayaqlaşmasaq biz gələcəkdə bir çox məsələlərdə geridə qala bilərik. Aparıcı partiya kimi bu barədə düşünmək bizim vəzifə borcumuzdur, bu eyni zamanda bu bir missiyadır. Cənab Prezidentin verdiyi tapşırıqların bir çoxu həm də bu missiya ilə bağlıdır.
Bəşəriyyətin qədəm qoyduğu 4-cü sənaye inqilabı bütövlükdə insan münasibətlərini dəyişir. Təkcə partiyaların yox, insanlar arasısında geniş ünsiyyətin qurulmasının tarixinə baxsanız, görərsiniz ki, kollektiv iştirak - dəyərləri paylaşmaq, informasiyanın daha çox insanlar arasında yayılmasını təmin edən alət internetdir. Bu cəhətdən baxsaq belə bir fikir var ki, bu gün siyasi partiyaların ən böyük rəqibi əslində siyasi səhnənin yeni aktorlardır. Bu aktorlar internet platformaları-bloqqerlik fəaliyyəti, insanların öz fikirlərini çox qısa bir müddətdə milyonlara yaymaq bacarığıdır ki, bu tamamilə yeni bir reallıqdır. Bu gün nəinki Azərbaycanda, bütün dünyada siyasi partiyalar qarşısında bu çağırış durur. Birincisi, biz bu reallığı daha çox araşdırmalı, qəbul etməli, onun üstün və mənfi cəhətlərini bilməliyik, bu aləti öz işimizdə daha çox istifadə etməyi bacarmalıyıq. Digər tərəfdən isə insanların hansı informasiyaları düzgün, hansı informasiyaları yalan olduğunu seçmək qabiliyyətini artırmalıyıq. Bu eyni zamanda dövlətin qarşısında duran çox mühüm bir vəzifədir.
Partiyada verilmiş qərarlar eyni zamanda partiyada olan siyasi ardıcıllığın bariz bir nümunəsidir. Yeni Azərbaycan Partiyasında yeni Veteranlar Şurası yarandı. Onların təcrübəsindən istifadə etmək, eyni zamanda yeni gənc qüvvələr vasitəsi ilə bu təcrübənin yeni metodlarla və dəyərlərlə yayılmasının təmin etmək olduqca vacibdir. Bu gün ideyaların, dəyərlərin yayılmasında ən yeni metod olan rəqəmsal vasitələri daha çox qavramaq, bundan daha çox istifadə etmək, eyni zamanda ən önəmli məsələlərdən biri yeni məzmun və yeni gündəliyin yaradılması qarşımızda duran əsas çağırışlardandır. Bu gün YAP qeyd etdiyimiz məsələlərə nail olmaqla Azərbaycanda daim müasir texnologiyalardan istifadə edə bilən, eyni zamanda bu texnologiyalar vasitəsi ilə yeni gündəlik yarada bilən, yeni ideyalar və dəyərlər yayan bir partiya olmağı qarşısına hədəf qoyub.
Bu eyni zamanda partiyanın ənənəvi funksiyalarından bəhrələnmək və yeni çağrışlara cavab verməklə, siyasi səhnədə gənc və orta nəsildən olan şəxslərin siyasi cəhətdən daha da püxtələşməsi, onların yüksək davranış nümayiş etdirməsi kimi bir vəzifəni qarşıya qoymaqdır ki, bu da indiki dövrdə çox mütərəqqi bir vəzifədir. Əminəm ki, biz YAP olaraq partiyanın Sədri tərəfindən müəyyən edilən hədəflərə çatmaqla Ulu Öndər Heydər Əliyevin “Gələcəyin Partiyası olmaq” missiyasını əzmlə davam etdirəcəyik.
Mansur Bayramov,
YAP Sabirabad rayon təşkilatı Su-Kanal ilk partiya təşkilatnın sədri