• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub

  • 17.02.2021, 16:14, Baxış sayı:
  • 588
Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub
Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunub. Bu soyqırımı nəticəsində yüzlərlə dinc insanın erməni terrorçuları tərəfindən xüsusi zorakılıqla qətlə yetirilməsi və bunların içərisində körpə uşaqların da olması baş vermiş hadisənin hər bir anlamda insanlığa yönəlik cinayət olduğundan xəbər verir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi. Səkkiz ailə tamamilə məhv edilib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır.
Hər kəsdə təbii olaraq sual yarana bilər ki, nə üçün bu qətliam məhz Xocalıda törədildi? Xocalının Dağlıq Qarabağ regionundakı digər ərazi vahidləri ilə müqayisədə etnik və coğrafi önəmi, bilavasitə fərqi nədən ibarət idi? Eyni zamanda, o dövrün istər region üzrə hökmranlıq iddiasında olan aktorlarının geosiyasi maraqları, istərsə də həmin dövrdə ölkə daxilindəki siyasi ab-hava və bu detalların korrelativ əsaslarla qarşılıqlı təhlili baş vermiş hadisənin bir çox hallarda təsadüfi olmadığını, qətliamın arxa planında bir sıra maraqlı qüvvələrin durduğunu göstərir. Həmin detalların təhlili törədilmiş qətliamın identifikasiyasını müəyyənləşdirməklə yanaşı, bu hadisə üzərindən hədəflənmiş siyasi məqsədlərin qaranlıq məqamlarına işıq salmağa da imkan verir.
Xocalı Dağlıq Qarabağda ən vacib nəqliyyat qovşaqlarının kəsişdiyi nominal ərazi vahididir. Belə ki, Ağdam və Şuşa, Əsgəran və Xankəndi arasındakı nəqliyyat qovşaqları bu ərazidən keçməklə bütövlükdə Dağlıq Qarabağ və ətraf rayonların yolu əsasən Xocalıda birləşir. Bundan əlavə, Xocalı Dağlıq Qarabağda yeganə ərazi vahididir ki, özünün hava limanı var. Yeddi min sakini olan və onların mütləq əksəriyyətinin etnik azərbaycanlılar olduğu Xocalı 1991-ci ilin oktyabr ayından Ermənistan hərbi birləşmələri tərəfindən mühasirəyə alınıb və oradakı insanların qonşu ərazilərlə yalnız helikopterlə nəqliyyat əlaqəsi yaratmaq imkanı vardı. Xocalıya son helikopter uçuşu 1992-ci il yanvarın 28-də olmuşdu. Yuxarıda qeyd edilənlər Xocalının ərazi vahidi olaraq strateji əhəmiyyətə malik olması ilə yanaşı, qətliam öncəsi bu ərazidə hökm sürmüş vəziyyətin ağırlığından xəbər verir.
Xocalı qətliamı təkcə etnik azərbaycanlılara qarşı soyqırımı deyil. Bu qətliam eyni zamanda, həmin dövrdə regionda özünün hökmranlıq maraqlarının təmin olunmasına köklənmiş geosiyasi aktorların bu hadisənin baş tutmasında prosesi arxa planda idarə edən əsas tərəflərdən biri olaraq regional anlamda öz maraqlarının təmin olunması məqsədilə daxili siyasi qarşıdurmanın eskalasiyasına hesablanmış siyasətinin tərkib hissəsidir. Bu, Xocalıda törədilmiş qətliamdan sonra ölkə daxilindəki siyasi qarşıdurmalarda da özünü göstərdi. Beləliklə, Xocalıda baş vermiş hadisələr ölkədaxili siyasi mübarizədə qüvvələrdən birinin digərinə qarşı təzyiq vasitəsi olaraq instrumentalizasiyasına çevrildi. İstənilən halda itirən tərəf azərbaycanlılar oldu və Xocalı qətliamının tarixi oradakı azərbaycanlıların qanı ilə yazıldı.
Şəhidlərimizin qanı yerdə qalmadı, hər birinin qisası döyüş meydanlarında artıqlamasilə alındı. İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə işğalçı Ermənistanı döyüş meydanında darmadağın etdi.
Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm Zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini göstərdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı.
Azərbaycan Ordusu müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdu, necə lazımdırsa cəzalandırdı. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti isə öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, Vətən uğrunda mübarizə necə olur. Hər bir Vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.
Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, Vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş Vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi bizim üçün.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaydığı məlumatda Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2841 nəfər hərbi qulluqçusunun həlak olduğunu açıqladı. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, onların ölməz ruhu qarşısında baş əyirik!
Azərbaycan xalqı hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirəcək, şəhidlərimizin xatirəsi hər zaman uca tutulacaq. Prezident İlham Əliyevin sərəncamı ilə sentyabr ayının 27-sinin Anım Günü kimi müəyyən edilməsi də şəhidlərimizin ruhuna olan ehtiramın nümunəsidir. "Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir”, - deyə Prezident İlham Əliyevin sərəncamında deyilir.
Vətənin şəhid övladları, bu gün Sizin ruhunuz şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardığınız, uğrunda canınızdan keçdiyiniz, qanınızla suvardığınız Vətən torpaqları artıq işğaldan azaddır.
XOCALININ QANI YERDƏ QALMADI !

İ.ƏSGƏROV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter