Valideynlərə məsləhət
Hörmətli oxucular, Sizə həyatı bir məsələ çəkmək istəyirəm. Bu yaxınların söhbətidi. Qohum ailələrdən birində qonaq idik. Hal-əhval tutduqdan sonra uşaqlarını soruşdum, dedim:
-Uşaqlar gözə dəymirlər.
Dedilər:
- Yaxşıdırlar, o biri otaqda oynayırlar.
Aradan bir xeyli keçdi. Yenə də uşaqlardan xəbər-ətər yox idi. Səsləri belə gəlmirdi. Bilirdim ki, bu cütlüyün iki azyaşlı övladı var. Doğrusu narahat oldum.
Dedim ki,
-Başımız söhbətə qarışıb, ancaq uşaqlardan xəbər yoxdu. Bir baxın.
Anası gülərək söylədi ki,
-Müəllim, narahatçılıq yoxdu. Hər gün belədirlər. Atası böyüyə planşet alıb, başları qarışıb.
Sonra da gülərək:
- İnanırsız planşet evə gələndən canımız dincəlib. Bu heç olmasa işə filan gedir, mən axşamadək evdəyəm. Onların təkcə töküb-töküşdürdüklərini yığmaqdan yorulub əldən düşürdüm. Əvvəllər əməlli-başlı ev işləri də görə bilmirdim. İndi isə acanda gəlib yemək istəyirlər,-deyə əlavə etdi.
Dedim:
- Mənim üçün maraqlıdır, bəlkə baxağın görəyin neyləyirlər.
Atası elə bil sözə bənd imiş, qalxıb getdik. Otağa girəndə heç xəbərləri olmadı. Elə bil planşetin “içərisinə” girmişdilər.
- Bunların neçə yaşları var, -deyə soruşdum.
Dedilər:
- Böyüyümüz 3-cüyə gedir, kiçik isə bu il birinci sinifdədir.
Uşaqlar bizi sezmədən əvvəlki yerimizə qayıtdıq.
- Bilirsiz onlar nəyə baxırlar?
- Yəqin iqradan -yaddan oynayırlar, başqa nə olacaq,- deyə anası cavab verdi.
-Məktəblər də açılıb. Yəqin gedirlər dərsə?
Anası:
-Hər gün özüm aparıram, sonra da gedib gətirirəm,-dedi.
- Bəs dərslərinə nə vaxt hazırlaşırlar?
Bu dəfə də ana çavab verdi:
- Onların dərslərini biz oxuyuruq.
Sonra da gülümsünərək əlavə etdi:
-Guya məktəbdə dərs keçirlər.
- Əlbəttə keçirlər, hər il onlarla məktəbli yüksək bal toplayaraq universitetlərə qəbul olunurlar.
Sözlərimdən qeyzlənən ana biraz da əsəbi formada cavab verdi:
- Ali məktəblərə girənlər müəllim yanına gedənlərdi, pulnan hazırlaşanlardı...
Bu mövzuda söhbətimiz xeyli çəkdi...
Sağollaşıb çıxanda hər ikisinə sözüm sərt oldu:
- 3 saata yaxındır ki, mən buradayam. Hələ uşaqlar planşetdən ayrılmayıblar. Özü də nəzarətsiz. Bilirsiniz planşet onların yaddaşlarını, hətta gözlərini zəiflədir. Özünüzün rahatlığlnlz üçün heç də yaxşı etmirsiniz, üstəlik də müəllimləri günahlandırırsınız. Planşetdən istifadə lazımdır, ancaq yerində.
Hiss etdim ki, sözlərim heç də xoşlarına gəlmədi.
Ancaq dedim. Bəlkə nə vaxtsa başa düşərlər...
İ.DƏMİRQAYA