• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentdən MÜHÜM TAPŞIRIQ: bu evlər şəhid ailələrinə veriləcək

  • 07.01.2021, 20:02, Baxış sayı:
  • 415
Prezidentdən MÜHÜM TAPŞIRIQ: bu evlər şəhid ailələrinə veriləcək
Bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu. Əmək və əhalinin sosial müdafiəsi naziri bu yaxınlarda mənə məruzə edib ki, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq. Bu proqram bu il də davam etdirilməlidir. Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir. Onu da bildirməliyəm ki, bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək.
“Muganinsesi.az”Publika.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
"Bəzi layihələr davam edir, bəzi layihələr başa çatmaq üzrədir. İndi Füzuli rayonunda, Horadizdə və başqa bir kənddə evlər tikilibdir, onlar, əlbəttə ki, köçkünlərə veriləcək. Ancaq bundan sonra daha Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir. Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək və biz bunu da xüsusi proqram əsasında həyata keçirəcəyik. Bunu hər kəs bilməlidir və istərdim ki, bunu hər kəs bilsin. Bu, çox ədalətli yanaşmadır.
Bu yaxınlarda müşavirə keçirərkən mənə məlumat verildi ki, bütövlükdə keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb. Bu insanların böyük əksəriyyəti kənd yerlərindən didərgin salınıb, ancaq nədənsə məskunlaşma şəhərlərdə aparılıb. Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq, eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək. İndi sorğuda hansı suallar olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin tərkibi, ondan sonra harada işləyirlər, işdən razıdırmı, razı deyilmi, o ailələrin maddi vəziyyəti, maaşları, gəlirləri, onların sahibkarlıq fəaliyyəti vardır, yoxdur, onların arasında işsizlər nə qədərdir, bütün bu suallar verilməlidir. Əsas sual onların öz torpaqlarına qayıtmaq istəkləri ilə bağlı olacaqdır. Bu, öz yerində. Ancaq bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır".
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter