Azərbaycanın Macarıstandakı səfiri, keçmiş xarici işlər naziri Vilayət Quliyev özünün Feysbuk səhifəsində o vaxtkı Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryan arasında 2001-ci ildə baş tutan dialoqla bağlı xatirələrini paylaşıb.
KONKRET.az xəbər verir ki, sabiq nazir məlum görüşdə Ermənistanın o vaxtkı rəhbərinə Şuşada baş verən dağıntıya görə sərt cavab verdiyini bildirib.
Vilayət Quliyev yazır ki, 2001-ci ildə Strasburqdakı görüşün rəsmi hissəsi başa çatdıqdan sonra Heydər Əliyev və Robert Köçəryan arasında aşağıdakı dialoq baş tutdu:
“Erməni işğalına qədər Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi var idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. Hər il burada ənənəvi Vaqif poeziya günləri keçirilirdi.
2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət oldu:
“Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?
– Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.
– Ümidvaram ki, bu işdə sənin əlin olmayıb…
– Nə danışırsınız, Heydər Əliyeviç…”.
Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu.
Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi: “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür”, – dedi.
Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq”. /Muganinsesi.az/