Türkiyə qoşunlarının Azərbaycanda qalma müddətinin daha 1 il uzadılması haqqında Prezident Rəcəb Tayyib Ərdoğanın göndərdiyi qanun layihəsi Böyük Millət Məclisinin (TBMM) plenar iclasında qəbul edilib.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, mehmetçik Qarabağda barışığa, sülhə və əmin-amanlığa nəzarət etmək üçün daha 1 il öz missiyasını davam etdirəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzalasıyla göndərilən qərarda Azərbaycana verilən güclü dəstək bir daha vurğulanıb. Türkiyənin regionda sülhü və sabitliyi qorunub möhkəmləndirmək üçün mühüm cəhdlər göstərdiyi bildirilib.
Qeyd edilib ki, Türkiyənin Rusiya ilə yaratdığı Birgə Monitorinq Mərkəzinin fəaliyyəti uğurla davam edir. Bu, regionun təhlükəsizliyinə və tərəflər arasında etimadın möhkəmlənməsinə kömək edir.
Xatırladaq ki, hazırda türk istehkamşıları da bu ərazidə minaların axtarışı və təmizlənməsini davam etdirirlər.