Azərbaycanda erməni dilində yeni hərbi sayt fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, “Zinvor.info” adlı saytın əsas hədəfi informasiya müharibəsində Azərbaycanın maraqlarını qorumaqdır.
Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yeni vəziyyət yaranıb. Azərbaycan bu müharibədən qələbə qazanaraq çıxdı. Lakin Ermənistan və Azərbaycan arasındakı müharibə informasiya məkanında davam edir. Ermənistanın hazırkı hakimiyyəti və müxalifətdə olan keçmiş hakimiyyət nümayəndələri Qarabağla və Zəngəzurla bağlı təxribatçı çıxışlar edir. Bu onu deməyə əsas verir ki, Ermənistanın region ölkələrinə qarşı iddiaları hələ də qalmağa davam edir.
Dağlıq Qarabağ münaqişəsi arxada qaldı. Artıq Azərbaycanın qarşısında yeni hədəflər var. Buraya Zəngəzur dəhlizinin açılması, sərhədlərin demarkasiya və delimitasiyasının həyata keçirilməsi və digər hədəflər daxildir.
Prezident İlham Əliyevin sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayon yaradılıb. Daha sonra Ali Baş Komandan bildirib ki, Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Azərbaycan xalqı bu tarixi torpaqlara qayıdacaq. Prezidentin bu bəyanatı Zəngəzur məsələsinin önəmini daha da artırır.
Bütün bunları nəzərə alaraq erməni dilində fəaliyyət göstərən Zinvor.info saytını elan edirik.
Zinvor.info saytının məqsədi erməni dilində hərbi məsələlərə dair dəqiq məlumat və təhlillər verməkdir. Saytda Prezident İlham Əliyevin müharibə vaxtı və sonrasında səsləndirdiyi tarixi bəyanatlar, Qarabağ müharibəsi, Zəngəzur məsələsi, Zəngəzur dəhlizi barədə tarixi və siyasi analizlər, müharibə dövründə Azərbaycan ordusunun qəhrəmanlığı barədə erməni dilində yazılar dərc olunur. Saytda Azərbaycan ordusunun müharibə zamanı göstərdiyi şücaət barədə videoxronika təqdim olunub.
Saytın iki dildə - Azərbaycan və erməni dillərində fəaliyyət göstərməsi planlaşdırılır.
/Muganinsesi.az/