• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Məmur oğlu müharibəyə getməməlidir!

  • 23.11.2020, 17:12, Baxış sayı:
Məmur oğlu müharibəyə getməməlidir!
Uzun müddətdir belə müzakirəyə rast gəlmirdik və doğrusu, 44 gün boyunca bu istiqamətdə hər hansı paylaşımın olmaması və yaxud bu qədər olmaması rəğbətlə qarşılana bilər.
Ancaq son günlər, xüsusilə cəbhədə yağış altında, soyuqda, əsgərlərimizin bir-birinə sığınaraq yatdığını əks etdirən görüntülər fonunda qəti arzulamadığım, 90-cı illərdə məğlubiyyətlərimiz ardarda sıralananda hallanan mövzu gündəmə gəlib: nazir və ya oliqarx oğlu niyə cəbhədə deyil?
Əslində, bu mövzu sosial şəbəkələrin erməni seqmentində, bəzi hallarda isə mediasında gündəmdədir və təbiidir: adətən, məğlub tərəf hər yerdə günah axtarır – 90-larda bizdə də beləydi.
Ancaq indi Qalibik, Ordumuz möhtəşəm bir tarix yazıb. Niyə bu mövzu gündəmə gəlir və kimlər gətirir?
Əvvəla, bu mövzunun müzakirəsi nə Qalib xalqa yaraşır, nə də əsgərlərimizin inanılmaz rəşadət və igidliklərinə. Ordumuz və xalqımız bir oldu, birdir və Birgə də qalib gəlib. Niyə hansısa lazımsız müzakirə aparmalıyıq?
İkincisi, “evin tək oğlu” ikitirəlik cəhdi də bu qəbildəndir. Evin tək oğulları da, cüt oğulları da Qarabağ üçün canını verəndə heç nə düşünməyib və şükür ki, düşünməyib. İndi onların əvəzindən siz niyə danışırsınız?
“Evin tək oğlu” anasını, bacısını qorumaq üçün, ölkəmiz üçün, Vətənimiz üçün gedib – Şəhidlik zirvəsinə ucalanlara Allah rəhmət eləsin! “Evin tək oğlu” peşəkar zabitdirsə, cəsur igiddirsə, ürəyi cəbhədə döyünürsə, niyə də getməsin? O “təklər” cəbhədəki qardaşları ilə birgə vuruşdu, bu millətin qəddini dikəltdi, bu xalqın şərəfini özünə qaytardı. Şərəfsiz tək oğul da, cüt oğul da nə bacıya, nə anaya, nə də bu xalqa lazımdır.
Cəbhəyə atılan, düşmənlə sonadək döyüşən “tək oğuldur” bacısının şərəfini, namusunu qoruyan. Vətən savaşında ona ehtiyac olduğu halda geridə qalan “tək oğul” o bacının da sabah şərəfini qoruya bilməyəcək!
Keçək, “nazir, oliqarx oğlu” məsələsinə.
Səmimi olaq: o paylaşdığınız fotolarda, videolarda yağışın altında bir-birinə söykənərək yuxulayan canımız balalarımızın, qardaşlarımızın içində, şükürlər olsun Allaha ki, nazir və ya oliqarx oğlu yoxdur. Gözünü komforta açan, “pambıq içində” böyüyən, avtomatın qundağı ilə lüləsini düz-əməlli ayıra bilməyən məmur oğlu döyüşdə əsgər yoldaşlarına yalnız yük ola bilər – ya soyuqda titrəyəcək, ya başı ağrıyacaq... O bərkə-boşa düşməyən gəncmi çıxacaqdı Murovun başına? O gəncmi dırmaşacaqdı Şuşa qalasının sıldırım qayasını?
Onlar ən yaxşı halda iki-üç igid əsgərimizi məşğul edəcəkdilər – onları güllə yağışının altından çıxarmaq və yaxud, bir neçə addımdan sonra ləhləyənləri xərəkdə-kürəkdə daşımaq lazım gələcəkdi. Ya da qrip-korona olub, hospitallarımızda yer tutacaqdılar...
Bu, heç də o demək deyil ki, onlar qınanmalı deyil!
Əlbəttə qınanmalıdır! Amma necə?
44 gün müddətində də, indi də və bundan sonra da “nazir-oliqarx balaları” ayrı cəbhədə, ayrı səngərdə xidmət göstərməlidirlər: cəbhədə savaşan əsgərlərin ehtiyaclarının ödənməsi üçün, şəhid ailələri üçün, yaralı qazilərimiz üçün, şəhidlərimizin övladları üçün, evləri düşmən raketindən dağılanlar üçün... əllərindən gələni beş qaba çəkməli, imkanlarını bu yöndə səfərbər etməlidirlər; aksiyalar keçirməlidirlər, Ordumuza yardım fonduna aybaay ayrdım etməlidirlər, şəhid övladları üçün xüsusi layihələrə start verməlidirlər...
Sosial şəbəkələrdə çağırışlar da bu yöndən olmalıdır və yalnız bu aspektdə onlar ciddi tənqid olunmalıdır.
Onlar lazım gələrsə, milyonlarını (bəlkə də milyardlarını) “son qəpiyinə qədər” xərcləməlidirlər. “Necə olur, igidlərimiz canından keçir, sən isə milyardından keçmirsən?” – sual budur və bunun cavabını verməlidirlər.
Odey, dağılmış, viran qalmış obalarımız, yurdlarımız: gedin, xeyriyyə aksiyaları ilə yurdlarımızı bərpa edin, bu Vətəndən qazandıqlarınızı bu Vətən üçün, bu xalq üçün xərcləyin!
Hər kəs bacardığını edəndə Vətən güclü olur. Əgər onlar bu bacardıqlarını etmirsə - ki, etdiklərini görmürük, - onda tənəyə tuş gəlməlidirlər.
Yoxsa onların cəbhədə düşmənə asan hədəf, igidlərimizə yük olması kimin nəyinə lazımdır və bizə nə verəcək(di)?
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter