9 May - Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Sərəncam bunun real təzahürüdür
Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial problemlərinin həlli, sosial təminat səviyyəsinin yaxşılaşdırılması dövlətin daim diqqətində olan məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin Qələbə gününün 77-cı ildönümü ərəfəsi, aprelin 19-da imzaladığı «1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında» Sərəncamı deyilənlərin real göstəricisidir.Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 77-cı ildönümü ilə əlaqədar 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500,0 (bir min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin.Və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,5 milyon (üç milyon beş yüz min) manat vəsait ayrılsın.
Qeyd edək ki, Azərbaycan dövləti 2006-cı ildən Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələr hesablayır, 2008-ci ildən Böyük Vətən müharibəsi əlillərinə Azərbaycan Prezidentinin təqaüdlərinin təyin olunmasına başlanılıb. Həmçinin, Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına və növbəlilik qaydasında minik avtomobili və mənzillə təminatı işləri də həyata keçirilir.Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərib. Tarixin ən qanlı müharibəsində Azərbaycanın 640 mindən çox sakini iştirak edib. Onların təxminən yarısı döyüşlərdə həlak olub. Döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Müharibə vaxtı ön cəbhədə göstərdikləri şücaətə görə 176 min nəfər azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunub. Bundan əlavə, 30 nəfər müharibə iştirakçısı 1-ci, 2-ci və 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilib.Böyük Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının artırılmasını zəruri edən, sadəcə onların müharibə iştirakçısı və ya əlil olması, yaxud göstərdikləri şücaət deyil. Həm də sağ qalan müharibə iştirakçılarının ahıl yaşda olmasıdır.Bu il Böyük Vətən müharibəsinin başa çatmasından 77 il ötür. Bu müharibədə iştirak etmiş ən gənc insanın yaşı indi 90-ı ötüb. Buna görə də onlara həm də Azərbaycanın ən yaşlı insanları kimi xüsusi diqqət göstərilir. Böyük Vətən müharibəsi iştirakçılarının mövcud vəziyyətini nəzərə alan Azərbaycan dövləti onlara hərtərəfli diqqət ayırır: həm onların yaşa görə pensiyalarına əlavələr var, həm prezident təqaüdü alırlar, əlillər mənzil və avtomobillə təmin edilir, həm də onların digər sosial qayğıları dövlət hesabına həll olunur.
Qeyd edək ki, Azərbaycanda müstəqil dövlət quruculuğu kursu digər ölkələr üçün nümunəvi modeldir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasəti dönmədən həyata keçirilməkdədir. Həmin siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Heydər Əliyev bildirirdi ki, “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”.
Bəli, bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır.Həmçinin qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir, həmin kateqoriyadan olan insanların sosial rifahının daim yüksəldilməsinə xidmət edən proqramlar həyata keçirir, Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsini davam etdirirlər.
Dövlət həmişə əhalinin aztəminatlı qisminin yanındadır. Bir an olsa belə, onlar özlərini köməksiz hiss etmirlər. Əksinə, Azərbaycan iqtisadi cəhətdən daha da yüksək potensiala sahib olduqca, sosial proqramlar da inkişaf edərək daha geniş təbəqələri əhatə edir.
“Muğanın səsi”